Cavid Hüseynov: "Özümüzü yiyəsiz komanda kimi hiss edirik"

Xəbərlər
16 Mart 2025 19:36
26
Cavid Hüseynov: "Özümüzü yiyəsiz komanda kimi hiss edirik"

"Bu oyun bizim üçün çox vacib idi. Çünki rəqiblərimiz xallar qazanır, biz isə son 2 turda uduzmuşduq. Bunu başa düşürdük. Həftəboyu "Neftçi"yə qarşı yaxşı hazırlaşmışdıq. Onların təhlükəli mövqelərini, hansı mövqedən bizə qol vura biləcəklərini uşaqlara başa salmışdıq".

İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının XVII turunun "Neftçi" ilə oyunundan (2:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

Mütəxəssis təəssüflə bildirib ki, eyni, onun istəmədiyi səhvləri etmək üçün komanda əlindən gələni etsədə, rəqib onlara qol vurub: "İki qol buraxdıq, hələ daha 1-2 qol da buraxa bilərdik. Uşaqlardan soruşdum ki, bunu demişdim? Hər şeyi əksinə etdilər. Sonradan oyunu toparlamağa çalışdıq. Sistemdə də dəyişiklik etdik. İkinci qolu vura bilmədik, uduzduq, məyusuq. Futbolçulara deyirəm ki, bu səhvi etmək olmaz. Bu ötürməni bura o cür vermək olmaz. Futbolçulara tapşırıram ki, bu səhvi etməyin, etdik və iki qol buraxdıq. "Neftçi" bizə nə etdi ki? "Neftçi" yaxşı komandadır. Amma təhlükəni bilə-bilə üç xalı əlimizlə verdik "Neftçi"yə. Bilirdik ki, rəqib təzyiq edəcək. Biz pressinqə qarşı uzun hava topları ilə çıxmalıydıq".

Cavid Hüseynov məşqçi kimi tək qaldığını önə çəkib: "Qış transfer pəncərəsindən yararlana bilmədik. Daha 2 futbolçu istəyirdik, alınmadı. Sonuncu yerdə gedən komanda necə ola bilər ki, güclənməsin? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyəti tərəfindən də belədir. Hamı danışır ki, "Səbail" heç kimə lazım deyil. Axı burada nə qədər futbolçular var. Məşqçi kimi Azərbaycana gələcəkdə xeyir verə bilərəm. Xəyallarım, arzularım var. Bu dəqiqə hamı deyir ki, problem Cavid Hüseynovdadır. Xeyr. Problemlər böyükdür. Tək toparlamağa çalışıram. Amma tək gücümüz çatmaz. Məşqçiyə dəstək olmalıdır. "Səbail" qışdan sonra "Şamaxı" ilə matçdan savayı, bütün komandalara qarşı yaxşı oynayıb. Böyük məşqçilər oyunumuzdan, strategiyamızdan danışırlar. "Qarabağ"a qarşı da belə çıxmışdıq. Mənə dedilər ki, tutduğundan əl çəkmə, dönmə. Mən nə edim ki, "Səbail" heç yerdən dəstək görmür. Biz qalib gəlirik, mükafatımız 500 manat olur. Təsəvvür edirsiz? Pula görə oynamırıq. Amma bu durumda komandaya motivasiya olaraq, hansısa dəstək olmalıdır. "Kəpəz" hansısa komandanı udursa, əməlli-başlı pul alır".

Baş məşqçi klub rəhbərliyinin ona olan münasibətinə dair suala da münasibət bildirb: 16-17 yaşımdam peşəkar futbol oynayıram. Xarakterimi, mərdliyimi, cəsarətimi bilirsiz. Sözü üzə deyən biriyəm. Tək qalmışm deyirəmsə, demək tək qalmışam. Barışmayacam. Sona qədər mübarizə aparacam. Amma sadəcə biz bu durumdan çıxmaq istəyiriksə, birlikdə etməliyik. Hansısa uğurlu nəticə tək məşqçinin işi deyil. Sponsorumuz onsuz da komandadan əlini çəkib. Mən gələndən bəri hansısa maddiyyatdan söhbət gedə bilməz. Mükafat fondu, futbolçu transferi....Hər şeydə azalma var. Bu durumu qabardıram".

İdman.biz