Gərgin oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Biz daha istəkli idik. "Turan Tovuz"a uğurlar arzulayıram. Biz isə yolumuza davam edəcəyik.
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının XXVII turu çərçivəsində "Turan Tovuz"la baş tutan oyundan (2:1) sonra mətbuat konfransında deyib.
"Kimyaçılar"ın baş məşqçisi komandasının qələbə qazanması ilə bağlı fikirlərini açıqlayıb: "Miloş Miloviç cəzalı durumda idi. "Turan Tovuz"un üstün cəhətlərini bilirdik. Alan Dias komandaya kömək etdi. Ona və bütün komandaya təşəkkür edirəm".
Mütəxəssis son dövrlərdə ona qarşı səsləndirilən tənqidlərə də münasibət bildirib: "Mən bunu keçməliydim. Belə dönəm hər məşqçinin karyerasında olur. Eyforiyaya qapılmamalıyıq. Həmişə demişəm ki, futbolçularıma inanıram. Çətin zolaqdan keçdik. Bu qələbələr bizi yaxşı duruma gətirib çıxardı".
Vaqif Cavadov Akademiyalarının futbolçulırına üstünlük verdiyini vurğulayıb: "Mehdi Cənnətov bizim əsas qapıçımızdır. Amma onun üzərində təzyiq var idi. Buna görə də istirahət verdik. Xəyal son üç oyunda özünü doğruldur. Hər üç qapıçıya güvənirəm. Hər birinə şans verəcəm. Səbrlə, başımızı aşağı salıb yolumuza davam edəcəyik. Məşq edirik. Hər oyunda alınmaya bilər. Bu gün istədiyimizə nail olduq".
İdman.biz