“Bolqarıstanla çətin oyunda qalib gəldik. Rəqibi öncədən təhlil etmişdik və bizi gərgin mübarizənin gözlədiyini bilirdik".
İdman.biz xəbər verir ki, bunu 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova Bakıda təşkil edilən Avropa çempionatının II seçmə mərhələsində Bolqarıstan yığması (3:2) ilə keçirilən oyunla bağlı fikirlərini bildirərkən deyib.
Mütəxəssis vurğulayıb ki, Bolqarıstan yığması ilk matçla müqayisədə millimizə qarşı əsas heyət oyunçularını meydana buraxmayıb: "Bu, onların görüşə rahat çıxdıqlarını göstərirdi. Fürsəti lazımınca dəyərləndirərək birinci hissədə əks-hücumdan qol vurduq. İkinci hissədə bolqarların əsas heyət üzvləri mübarizəyə qoşuldular. Buna baxmayaraq, ikinci qolu vurmağmız komandamızı ruhlandırdı və qələbəyə inamı artırdı. Son dəqiqələrdə hesabda bərabərlik yaransa da, sona qədər eyni ruh yüksəkliyi ilə çıxış etdik. Nəticədə qələbə qolunu vurmağı bacardıq”.
Qeyd edək ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz ilk iki turdan sonra 3 xalla ikinci pillədə qərarlaşır. Komandamız son tur çərçivəsində martın 18-də Malta seçməsi ilə qarşılaşacaq.
İdman.biz