Millimizin baş məşqçisi: “İspaniyada və digər ölkələrdə çıxış edən futbolçular nəzarətdədir"

Xəbərlər
17 Mart 2025 13:53
48
Millimizin baş məşqçisi: “İspaniyada və digər ölkələrdə çıxış edən futbolçular nəzarətdədir"

"Təbii ki, İspaniyada və digər ölkələrdə çıxış edən milli üzvləri var. Onların hər biri nəzarətdədir".

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.

Mütəxəssis heyətə yeni futbolçular dəvət etmək niyyətində olduğunu söyləyib: “Komanda ilə ilk toplanışımız olacaq. Uşaqları liqalardan izləyib tanımışıq. Yeni futbolçular var, hər birini görmək istəyirik. İlk yoldaşlıq görüşlərimizi keçirəcəyik. Bu, Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq. Yeni futbolçuları yoxlayacağıq. Həmçinin növbəti toplanış öncəsi futbolçularla bağlı geniş məlumatlar əldə etməyə çalışacağıq. Bu, tam heyət deyil. 4 futbolçumuz İlham Yadullayevin rəhbərlik etdiyi U-18 millisindədir. Bəzi oyunçularımız zədəlidir və səhhətlərində problemlər var. Əlavə futbolçular da dəvət etməyi planlaşdırmışıq. Təbii ki, İspaniyada və digər ölkələrdə çıxış edən milli üzvləri var. Onların hər biri nəzarətdədir. Hazırda İspaniyadan 3, Almaniyadan bir futbolçu dəvət etmişik”.

Qeyd edək ki, A.Nəbiyevin rəhbərlik etdiyi yığma martın 23-də və 26-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

İdman.biz