"Komandanın oyunundan razı qaldım".
İdman.biz xəbər verir ki, bunu futbol üzrə Haiti millisinin baş məşqçisi Sebastyen Minye Azərbaycan yığması ilə keçirilən yoldaşlıq matçından sonra təşkil olunan mətbuat konfransında deyib.
Franslı mütəxəssis komandasının 3:0 hesablı qələbəsini dəyərləndirib: "Çətin olacağını gözləyirdim. Azərbaycan millisini təhlil etmişdik. Onların zəif və güclü tərəflərini bilirdik. Bu gün pressinq tətbiq etməyi bacardıq və yaxşı da müdafiə olunduq. Bu bizim ardıcıl 9-cu qələbəmizdir. Bununla da, Haiti yığması tarix yazdı. Yaxşı səviyyəli komandaya qarşı çıxış etdik".
- Azərbaycan millisində Avropa komandalarına xas hansısa xüsusiyyət gördünüz?
- Bu cür atmosferdə komandamın necə oynayacağı mənim üçün də maraqlıdır. Fərqli atmosfer idi. Futbolçularım gözləntilərimi qarşılamağı bacardı.
- Yoldaşlıq görüşü üçün Haitidən Azərbaycana gəlmisiniz. Başqa rəqib tapa bilmədiniz?
- Bu, FIFA pəncərəsi ilə bağlı olan məsələdir. Bizim beş komanda ilə oynamaq şansımız vardı. Azərbaycana müraciət etdik və müsbət cavab aldıq. Fikrimcə, hər şey yaxşı keçdi.
- Azərbaycan millisi haqqında nə düşünürsünüz? Sizcə, rəqib komandanın nə kimi zəif cəhətləri vardı?
- Biz öncədən Azərbaycan millisini analiz etdiyimiz üçün rəqibin zəif və güclü tərəflərini bilirdik. Mən həmişə öz komandama fokuslanıram. Bu matçda pressinq tətbiq edə bildik və yaxşı müdafiə olunduq. Xüsusi olaraq vurğulanacaq zəif cəhət yox idi. Rəqibin sol cinahı yaxşı idi, fikrimcə gələcəkdə daha da yaxşı ola bilər.
Qeyd edək ki, millimiz növbəti yoxlama oyununu martın 25-də Belarusa qarşı keçirəcək.
Aytac Sahəd
İdman.biz