Tiaqo Mottanı vəzifəsindən azad edən "Yuventus"u keçmiş futbolçusu İqor Tudor çalışdıracaq.
İdman.biz "Calciomercato"ya istinadən xəbər verir ki, baş məşqçi və köməkçilərini istefaya göndərmək Turin klubuna təxminən 20 milyon avroya başa gələcək.
“Yuve” hazırda A Seriyasında Çempionlar Liqasına vəsiqə verən yerlərdən bir xal geri qalaraq 5-ci pillədədir. Komanda son iki matçında böyük hesabla məğlub olub: “Atalanta”ya 0:4 və “Fiorentina”ya 0:3.
Qeyd edək ki, Motta 2024-cü ilin iyununda üç illik müqavilə imzalayaraq "Yuventus"un baş məşqçisi təyin olunmuşdu. Xorvatiyalı Tudor isə 1998-2007-ci illərdə "Yuve"nin formasını geyinib və 2020/21 mövsümündə komandada baş məşqçi Andrea Pirlonun köməkçisi olub.
İdman.biz