Kriştiano Ronaldo Portuqaliya millisinin heyətində ardıcıl 22-ci təqvim ilində qol vurmaqla dünya rekorduna imza atıb. Azərbaycan yığmasında analoji göstəricidə kimin öndə olması maraq doğurur.
İdman.biz yığmamızın 34 il ərzindəki çıxışlarına əsasən bizim “Ronaldo”nu müəyyənləşdirib.
Foqtsun tapıntısı
Azərbaycan millisinin heyətində ardıcıl təqvim illərində qol vurmaq üzrə rekordunu Dmitri Nazarov rəsmiləşdirib. Hücumçu sarıdan korluq çəkən yığmamızın yarımmüdafiəçisi ardıcıl 5 il ərzində heç olmasa bir qol vurub. Berti Foqtsun Almaniyadan tapdığı milliləşən legioner 2014-18-ci illəri qolsuz bitirməyib.
Rekord təkrarlandı
Nazarovun rekordu 5 il əlçatmaz qalıb. Onun qol vurmadığı 2019-cu ildə yeni seriya başlayıb. Ramil Şeydayev 2019-23-cü illərdə dayanmadan milli azarkeşlərini sevindirib. O, bununla da Dmitrinin rekorduna şərik çıxıb. Amma Şeydyev 2024-də yeni rekord vura bilməyib. Hələ 2017-ci ildə qol hesabını açan Ramil ümumilikdə 6 təqvim ilində fərqlənsə də, arada bir ili boşa verib.
Qurbanovun öz rekordu
Şeydayevin ümumilikdə 6 fərqli ildə qol vurduğunu qeyd etdik. Bu baxımdan rekord Qurban Qurbanova məxsusdur. “Qarabağ”ın indiki baş məşqçisi 7 təqvim ilində milli üçün qol vurub. Amma fasilələrlə fərqlənən bombardir ən yaxşı seriyaya 1996-99-cu illərdə imza atıb. O, həmin vaxt ardıcıl 4 il qol vurub. Qurbanov 7, Şeydayev 6 il qol vurubsa, Nazarov kimi 5 il fərqlənən daha iki oyunçu var. Emin Mahmudovla Vaqif Cavadov 5 qollu ili fasiləsiz keçməyib.
Emin qol vursa...
Rekord bu il yenidən təkrarlana da bilər. Seriyası davam edənlər arasında rekordçu olan Mahmudov 2021-24-cü illərdə qol sevinci yaşayıb. O, bu il də fərqlənsə, Nazarovla Şeydayevə çatacaq. Hazırda heyətdə olmayan yarımmüdafiəçi iyundakı yoldaşlıq görüşləri və payızdakı seçmə mərhələdə rekordçulara çatmaq imkanına malikdir. Son üç ili qolsuz bitirməyən Renat Dadaşov da seriyasını davam etdirmək barədə düşünə bilər. O, 2022-24-cü illərdə fərqlənib.
Qeyd edək ki, millimiz tarixində 235 qol vurub.
Vüqar Xeyrullayev
İdman.biz