Fernandu Santuş: “Hansımız səhv etməmişik?” - MÜSAHİBƏ - FOTO

Xəbərlər
24 Mart 2025 16:28
980
Fernandu Santuş: “Hansımız səhv etməmişik?” - MÜSAHİBƏ - FOTO

"Sabahkı oyunda qol vurmaq çox vacibdir".

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarusla matçdan öncə keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis Haiti ilə görüşlə müqayisədə heyətdə dəyişikliklərin olacağını vurğulayıb: "Elvin Cəfərquliyevdən başqa bütün oyunçular sabahkı matçda şans qazana bilər. Səbuhi Abdullazadə də onlardan biridir. Əlbəttə ki, oynamaq ehtimalı var. Sabahkı qarşılaşmada bəzi dəyişikliklər olacaq. İki dəfə dalbadal oynamaq asan deyil. Ramazan ayı olduğu üçün futbolçuların çoxu oruc tutur və bina hörmətlə yanaşırıq. Bu səbəbdən onlara istirahət veriləcək. Daha aqressiv çıxış etməli, meydanda daha güclü olmalıyıq. Müdafiədə isə daha inamlı çıxış etməliyik”.

- Azərbaycan millisinin baş məşqçisi kimi yox, bir futbol mütəxəssisi kimi kənardan baxanda hələ qələbə qazanmayan komandanın sükanı arxasında olmaq necədir? Ümumiyyətlə, qələbə üçün nə qədər gözləməliyik?

- Sadəcə hamılıqla qələbəyə inanmalıyıq. Hər oyunda qələbə imkanımız olur. Ümid edirəm ki, ilk qələbə sabahkı oyunda olacaq. Nəyi düzgün etmədiyimizi anlamalı və onu növbəti oyunda düzəltməliyik. Oyunçular hər zaman qələbəyə istəkli olmalıdır. Bir futbol mütəxəssisi olaraq deyə bilərəm ki, komanda daha inamlı müdafiə olunmalı, hücumda isə daha iti davranmalıdır. Əgər bunları edə bilsək, qələbə bizə yaxın olacaq.

- Haiti ilə yoxlama oyunundan sonra bildirmişdiniz ki, Azərbaycan millisi ilə hücum yox, daha çox müdafiə futbolu oynamaq lazımdır. Bundan çıxış edərək, hansısa rotasiyalar etmisiniz?

- Oyunçular barədə son qərar verilməyib. Məşqdən sonra hər şey dəqiqləşəcək. Bilməliyik ki, onların durumu nədir. Çünki məşqdə hər şey baş verə bilər. Kimin çıxış etməsindən asılı olmayaraq, komanda meydanda daha əzmkar davranmalı, qələbəyə istəkli olmalıdır. Sabah kim oynasa, ondan bunlar tələb olunacaq. Əlbəttə ki, oyunumuza nəsə bir yenilik gətirməliyik.

- Haiti ilə matçdan sonra komandanın meydana məğlub olmaq üçün çıxdığını da demişdiz. Həmin açıqlamanı emosiyalara qapılaraq vermişdiz, yoxsa hələ də bu fikirdəsiniz?

- Mən belə açıqlama verməmişəm. Sadəcə dedim ki, meydana girdik və dərhal məğlub olmağa başladıq. Sonra əlavə etdim ki, komanda birinci hissədə qol epizodları yaratdı, ancaq epizodları konkretləşdirə bilmədik. İkinci hissədə dəyişiklik etmək istəsək də, qapıda ikinci qolu gördük. Bundan sonra isə komanda təslim oldu. Futbolçularımızda belə düşüncə var ki, qol buraxan kimi həvəsdən düşürlər. Oyunçular hər zaman istəkli olmalıdırlar ki, qələbə qazana bilsinlər.

- Şahruddin Məhəmmədəliyevin performansı sanki ötən oyunda aşağı idi. Sabahkı matçda Rzanı görə bilərik?

- Mətbuat konfransında bu barədə açıqlama verə bilməyəcəm. Sabah kimlərin oynayacağını məşqdən sonra dəqiq biləcəyik. Hazırda düşündüyümü deyə bilərəm. Sizin etdiyiniz analizlər individual xarakter daşıyır. Ancaq heç vaxt komanda adından danışmırsınız. Futbol kollektiv oyundur. Məğlub olanda o demək deyil ki, qapıçı səhv etdiyi üçün oldu. Yaxud da qələbə qazanmamışıqsa, hücumçu epizodu qola çevirə bilməyib. Komanda olaraq udur, yaxud uduzuruq. Bunu tək siz yox, futbolçular da belə düşünməlidir. Mental cəhətdən bu məsələyə baxışımızı dəyişməliyik.

- DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblər bəllidir. Belə bir güclü qrupda sizin futbol fəlsəfənizi görə biləcəyik?

- Bu haqda şərh verməyəcəm. Həmin oyunlar iki-üç aydan sonra başlayacaq. Sabah bizim üçün çox vacib bir oyundur. Bu suallarınıza da cavab verəcəyəm, ancaq indi yox.

- Gəldiyiniz ilk dönəmlərdən mental durumdan şikayətlənirsiz. Bu da ondan xəbər verir ki, hələ də mental məsələləri düzəldə bilməmisiniz. Belə olan halda axırı necə olacaq?

- Cəmi 6 oyundur ki, buradayam. Hələ bir il olmayıb. Ümid edirəm ki, tez bir zamanda bu problem aradan qalxacaq. Bu haqda daim oyunçularla danışıram. Həm fərdi, həm də kollektiv şəkildə bu barədə söhbət aparırıq. Oyunçunun özündən də çox şey asılıdır. Futbolçu özü də bu baryeri aşmaq üçün çalışmalıdır. Bu istiqamətdə siz jurnalistlərin və azarkeşlərin də dəstəyi vacibdir. Bir olsaq, bunun öhdəsindən gələ bilərik. Mənim futbolda böyük təcrübəm var. Oyunçu hər tərəfdən dəstək görməlidir. Bu dəstək olmayanda futbolçu qorxaraq addım atır. Səhv etmək insana xasdır. Hər dəfə səhv edəndə öldürməyə çalışmaq lazım deyil. Hansımız səhv etməmişik? Mənim də səhvlərim olub. Təkcə tənqid yox, dəstək də lazımdır. Mən hamını buna çağırıram ki, yaxşı olmayanda belə futbolçuların yanında olmaq lazımdır. Övladına necə yanaşırsansa, məhz o cür. Övladlarımızı yalnız nəyisə bacaranda yox, səhv edəndə də dəstəkləmək lazımdır. Milli komanda da belədir.

- Qeyd etdiniz ki, futbol komanda oyunudur. Azərbaycan millisi hazırda kollektiv şəkildə yaxşı mübarizə apara bilir?

- Xeyr. Azərbaycan millisi kollektiv şəkildə yaxşı çıxış etmir. Müdafiə cəhətdən komanda kimi zəifik. Amma burada sadəcə müdafiədə oynayanları, yaxud qapıçını demirəm. Hazırda millimizin ən böyük problemi kollektiv şəkildə müdafiə oluna bilməməkdir. Oyunda aqressivlik çatışmır. Komanda şəklində hamımız arxada otura bilərik. Ancaq istək və aqressivlik olmayanda alınmır. Bura gəldiyim gündən eyni şeyləri təkrar edirəm. Çox asan qollar buraxırıq. Hücumda bəzi şeyləri yaxşı edə bilirik. İnanın ki, biz hücumda yaratdığımız epizodları qola çevirə bilsək, daha yaxşı durumda olarıq. Son oyunda altı-yeddi dəfə belə şansımız oldu, ancaq sonlandıra bilmədik. Oyundan qabaq yalnız bitirmələrə bir məşq həsr etdik. Ondan öncəki məşq isə müdafiəyə həsr olunmuşdu. Çox qol buraxan komanda nadir hallarda qələbə qazana bilər.

Qeyd edək ki, Azərbaycan - Belarus görüşü martın 25-də "Bank Respublika Arena"da keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Aytac Sahəd
İdman.biz

Məqalədə: