Azərbaycan millisinin yoldaşlıq görüşlərindəki növbəti rəqibi Belarus yığmasıdır.
İdman.biz komandaların son rəsmi turnirdə - UEFA Millətlər Liqasındakı çıxışlarını müqayisə edib.
Hər iki komanda C divizionda oynasa da, 7 xalla qrupunda 3-cü olan Belarusdan fərqli olaraq, Azərbaycan 1 xalla öz qrupunda sonuncu olaraq aşağı diviziona yuvarlanıb. Komandalar 6 oyunda eyni sayda – 3 qol vursalar da, buraxılan toplarda çox böyük fərq var. Belaruslar cəmi 4 top buraxdığı halda, millimizin qapısından 17 top keçib.
Azərbaycan futbolçuları daha çox sərrast zərbələr endirmələrinə və qapı qarşısında daha təhlükəli olmalarına baxmayaraq, qollu sonuc bərabər olub. Qapı çərçivəsinə topu millimiz hər oyuna orta 4,2, Belarus isə 3 dəfə göndərib. Təhlükəli vəziyyətlərin yaradılmasında indiki rəqibimizdən üstünlüyümüz kifayət qədərdir – orta 3,2-nin 0,7-yə. Amma göründüyü kimi futbolçularımız qol vəziyyətlərinin reallaşdırılmasında çox axsayır.
Topa sahibolmada millimizin üstünlüyü 50 faizin 41 faizədir.
Ötürmələrdə də təmsilçilərimiz daha fəal və sərrastdırlar futbolçularımız hər oyuna orta 365 (82,5 faiz) dəqiq ötürmə verdikləri halda, Belarusda bu rəqəm 250,3-dür (74,3 faiz). Uzun ötürmələrdə göstəricilər müvafiq olaraq 20,5 (50,8 faiz) və 18-dir (41,9 faiz).
Azərbaycan millisi cəmi 1 oyunda qapısını toxunulmaz saxladığı halda, qarşı tərəfin 3 “quru” oyunu var.
Topalmada rəqibimiz daha fəaldır. Onların üstünlüyü 18,3-ün 14,8-ədir. Qapıçı seyvlərində də onların cüzi üstünlüyü var – 4,2-nin 4-ə.
Mübarizlikdə də Belarus futbolşuları fərqlənirlər. Onlar hər oyuna orta 59,5 təkbətək mübarizədə və ya 53,8 faizdə qalib gəlirlər. Millimizdə bu rəqəmlər müvafiq olaraq, 43,5 və 51,2-dir.
Rəqibimiz daha kobud oyunu ilə seçilir. Folların sayı onlarda 17,8, komandamızda 10-dur. Futbolçularımızın 15 sarı və 1 qırmızı vərəqəsi, Belarusun isə 17 sarı vərəqəsi olub.
Qeyd edək ki, Azərbaycan – Belarus matçı bu gün Bank Respublika Arenada baş tutacaq.
Vüqar Məmmədov
İdman.biz