“Neftçi”nin belaruslu hücumçusu: “Onlar artıq Azərbaycanı tanıyırlar” - MÜSAHİBƏ

Müsahibə
25 Mart 2025 14:33
53
“Neftçi”nin belaruslu hücumçusu: “Onlar artıq Azərbaycanı tanıyırlar” - MÜSAHİBƏ

Hazırda Misli Premyer Liqasında iki belaruslu futbolçu çıxış edir ki, onlardan biri “Neftçi”nin hücumçusu Yeqor Boqomolskidir. 24 yaşlı forvard hətta 2022-ci ildə Belarus millisinin heyətində 6 oyunda iştirak edib.

O, UEFA Millətlər Liqasının 2022/2023 mövsümündə keçirilən Azərbaycan – Belarus (2:0) qarşılaşmasının da iştirakçılarından olub.

İdman.biz xəbər verir ki, Boqomolski bu gün baş tutacaq oyunla bağlı AFFA-nın mətbuat xidmətinə müsahibə verib.

- Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi barədə məlumatı eşidəndə hansı hissləri keçirdiniz?

- Belarus və Azərbaycan milliləri arasında yoldaşlıq oyununun olacağını öyrəndikdə sevindim. Çünki hər iki komandada çoxlu tanışlarım var. Həmin oyunu izləmək maraqlı olacaq.

- Minsk “Dinamo”su bu mövsüm UEFA Konfrans Liqasındakı ev oyunlarını Sumqayıtda keçirdi. Bu amil Belarus yığmasına kömək edə bilər?

- Sizinlə razıyam. Millimizdə “Dinamo”dan çoxlu futbolçular olur. Onlar artıq Azərbaycanı tanıyırlar. Yəqin ki, bu, komandaya nisbətən kömək edəcək.

- Artıq 3 ilə yaxındır ki, Azərbaycandasınız. Oyunöncəsi millidəki komanda yoldaşlarınıza hansısa məsləhətləriniz olacaq?

- Yığmada kifayət qədər təcrübəli futbolçular var. Əlbəttə ki, onlara hansısa kömək lazım olsa, bunu edəcəyəm.

- Bir hücumçu olaraq Azərbaycan millisində ən çox çəkindiyiniz müdafiəçi kimdir?

- Elvin Cəfərquliyev və Bəhlul Mustafazadəni xüsusi vurğulamaq istərdim.

- Sizcə, Azərbaycan millisinin üstün və zəif cəhətləri nələrdir?

- Sizin texniki cəhətdən yaxşı futbolçulardan qurulmuş kifayət qədər güclü milliniz var.

- Belarus millisinə 2023-cü ildən Karlos Alos baş məşqçilik edir. İspaniyalı mütəxəssis komandada nələrisə dəyişə bilib?

- Komandamızın nəticələri yaxşılaşıb. Təbii ki, buna görə baş məşqçi də tərifə layiqdir.

- Həm Belarus, həm də Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşır. Yoldaşlıq oyununun seçmə mərhələyə hazırlıq zamanı nə kimi faydaları olacaq?

- Komandalarımız təxminən bərabər gücdədirlər. Ona görə də bu oyun hər iki millinin seçmə mərhələyə hazırlığına xeyir verəcək.

İdman.biz