Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayevin İdman.biz-ə müsahibəsi
- Sizcə, yoxlama oyununda Haiti millisinə 0:3 hesablı məğlubiyyətin əsas səbəbləri nələrdir?
- Çox təəssüflər olsun ki, milli komandamız yenə bizi məyus etdi. Ümumiyyətlə, Fernandu Santuşun dönəmindəki milli komanda ən zəif dönəmini yaşayır. Bu posta ilk təyin olunduğu gündən mən bunun yanlış seçim olduğunu demişdim. Çünki o, yeni fikirli məşqçi deyil və hər bir oyunda bunu təsdiq edir. Haiti ilə matçda da həm heyətin seçilməsi, həm də sonradan oyuna müdaxilələr hamısı yanlış addımlar idi. Elə deyir ki, hücuma meylli futbolçuları ikinci hissədə oyuna buraxdım. Sən istəyirsən beş oyunçu burax, nə fərqi var? Sən sağ müdafiəçi kimi Rahil Məmmədovu oynadırsan. Halbuki o, stopper kimi çıxış edir. Elvin Camalovu meydana buraxırsan, ancaq o, yaradıcı yox, dağıdıcı futbolçudur. Bu tərəfdən də deyirsən ki, ikinci hissədə hücum futbolu oynamışam. Hücumçuları meydana buraxmaq hücum futbolu oynamaq deyil. Onlar gərək topu son nöqtəyə çatdırsınlar.
- Yəni məğlubiyyətdə əsas pay sahibi Santuşdur?
- O, köhnə fikirli, bərbad bir baş məşqçidir. Nə qədər ki, gec deyil, onunla vidalaşmaq lazımdır. Santuşun futbol baxışı sıfırdır. Onun dediyi sözlər, oyuna müdaxiləsi bunu deməyə əsas verir.
- Belarusla matç haqqında nə düşünürsünüz?
- Millimiz ümid vermir ki, yaxşı nəsə deyəsən? Bu matçda yığmamızın necə oynayacağını heç kim bilmir, çünki nə oyun var, nə də yaxşı nəticə. Biz həqiqətən də çox pis vəziyyətdəyik. Ola bilər ki, Belarusla qarşılaşmada yaxşı nəticə qazansınlar, yaxud da böyükhesablı məğlubiyyətlə üzləşsinlər. Çünki millidə düzən yoxdur və nə olacağı bilinmir. Heç istəməzdim ki, milli barədə neqativ danışım. Ancaq çox təəssüflər olsun ki, ümidverici heç nə yoxdur.
- Baş məşqçi Fernandu Santuşun yoldaşlıq görüşləri üçün çağırdığı heyət barədə nə deyə bilərsiniz?
- Heyət aşağı-yuxarı budur. Ancaq oyuna müdaxilə bərbaddır. Məsələn, Haiti ilə oyunda millimiz 0:3 hesabı ilə uduzur, sonda Rəhman Daşdəmirovu oyuna buraxır və komandamız dörd mərkəz müdafiəçi ilə oyunu başa vurur.
- DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi Fransa, Ukrayna və İslandiya ilə birlikdə D qrupunda yer alacaq. Rəqiblərə baxdıqda millimizin şanslarını necə dəyərləndirirsiniz?
- Hansısa oyun sistemi olmalıdır ki, şansları dəyərləndirə bilək. Bizi acınacaqlı məğlubiyyətlər gözləyir. Bir daha təkrarlayıram: millimiz ən bərbad dönəmini yaşayır.
- Sizcə, Oser faciəsi təkrarlana bilər?
- Nəinki Oser faciəsi təkrarlana, hətta ondan da pisi ola bilər. Çünki indiki Fransa həddindən artıq güclü heyətə malik, cəld, kreativ və usta futbolçulardan ibarət milli komandadır. Azərbaycan millisi də təəssüflər olsun ki, göz qabağındadır. Santuşla bağlı təcili qərar verilməlidir.
Aytac Sahəd
İdman.biz