Bu gecə futbolda Cənubi Amerika derbisi olacaq.
İdman.biz xəbər verir ki, Argentina və Braziliya DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Buenos Ayresdə "Estadio Monumental"da qarşılaşacaqlar.
Argentinaya 2026-cı il mundialına vəsiqə qazanmaq üçün bu matçda cəmi bir xal lazımdır. Lionel Skaloninin yetirmələri 13 oyundan 28 xalla turnir cədvəlinə başçılıq edir və pley-offda oynamaq hüququ verən 7-ci mövqedə qərarlaşan Boliviyanı 15 xal qabaqlayırlar.
On komandanın qatıldığı seçmə yarışda ilk altı yeri tutacaq komandalar DÇ-2026-ya birbaşa vəsiqə qazanacaqlar: finişə beş tur qalmış Ekvador ikinci (22 xal), Braziliya üçüncü (21), Uruqvay dördüncü (20), Paraqvay beşinci (20), Kolumbiya isə altıncıdır (19).
Argentina zədəli Lionel Messisiz oynayacağına baxmayaraq, oyunun favoriti hesab edilir. Argentinalılar braziliyalılarla keçirdikləri son 4 görüşün 3-də qalib gəlib və yalnız birində heç-heçə ediblər. Rəqiblərin bu seçmə turnirdə Braziliyada keçirilən oyunu qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Braziliyalıların əbədi rəqiblərinə qarşı sonuncu uğurlu nəticələri isə 2019-cu il Amerika kubokunun yarımfinalına təsadüf edib - 2:0.
Braziliya komandasında ən böyük itki qapıçı Alissonun Kolumbiya ilə sonuncu matçda başından zədələnərək heyəti tərk etməsi olub. Amma komandanın hücum xətti çox təhlükəli görünür: "Barselona"lı Rafinya və "Real"lı üçlük - Vinisius Junior, Rodriqo və Endrik.
Qeyd edək ki, Argentina - Braziliya matçı martın 26-da Bakı vaxtilə saat 04:00-da başlayacaq.
İdman.biz