"Bu gün yaxşı oynadıq".
İdman.biz xəbər verir ki, bunu futbol üzrə Belarus millisinin baş məşqçisi Karlos Alos millimizlə matçdan sonra keçirilən mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis komandasının 2:0 hesablı qələbəsini şərh edib: "Komandanı təbrik edirəm. Oyuna ümumilikdə nəzarət bizdə idi.
Fikrimcə, bu matç bundan öncəki Tacikistanla oyundan fərqli oldu. Azərbaycan millisinin potensialı böyükdür. Hər iki komandaya hörmətlə yanaşıram. Ancaq müqayisə etsək, Azərbaycanla oyun daha çətin keçdi".
- Azərbaycanda oynayan belaruslu futbolçular haqqında məlumatlısınızmı? Onların oyunlarını izləyirsiniz? Məsələn, "Kəpəz"in kapitanı Yeqor Xvalko belarusludur.
- Bəli, bir neçə il qabaq o bizim milli komandada çıxış edirdi. Hazırda onun kifayət qədər oyun praktikası yoxdur. Sadəcə stabil oynamaq lazımdır. Əlbəttə ki, biz təkcə Azərbaycanda yox, digər ölkələrdə də çıxış edən futbolçuları izləyirik. Daim oynamaq lazımdır.
- Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya, Ukrayna və Fransa millisi ilə bir qrupda mübarizə aparacaq. Təcrübəli bir mütəxəssis kimi bu gün meydanda əyani şəkildə gördüyünüz komandanın həmin qrupda şansları nə qədərdir? Yaxud da siz Azərbaycan millisinə başçılıq etsəydiz, bu komanda ilə hansısa uğur əldə etmək mümkün olardı?
- Öz komandamda kifayət qədər işlərim var. Ona görə də, bu suala cavab verə bilmərəm. Bizim də, Azərbaycanın da qrupda şansı var. Öz komandamıza inanırıq. Belarus və Azərbaycan üçün bu çətin görünsə də, düşünürəm ki, şansları var. Əminəm ki, sizin millinin məşqçilər korpusu da buna inanır.
Aytac Sahəd
İdman.biz