"Məncə, kifayət qədər gücümüz var ki, işimizi davam etdirək".
İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus millisi ilə yoldaşlıq matçından sonra keçirilən mətbuat konfransında deyib.
- Komanda yenə məğlub oldu. Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti var?
- Fikrimcə, bu gün oyunçular yaxşı çıxış etdi. Biz əlimizdən gələn hər şeyi edirik ki, uduzmayaq. Oyunçularımın hamısı üzgündürlər. İşimizə davam etməliyik.
- Zamiq Əliyev İsveçlə oyunda da Belarusla görüşdəki kimi səhv etmişdi. Üçüncü matçda ona start heyətində şans verərdiniz?
- Unutmamalıyıq ki, Zamiqin 20 yaşı var. Gənc futbolçular hamısı davamlı oynamalıdırlar. Səhv etməkdən qorxsaq, inkişaf olmayacaq.
- Son iki oyun cinah müdafiəçisi kimi stoperləri oynatdınız. Azərbaycanda cinah müdafiəçisi olmadığını düşünürsünüz? Məsələn, Qismət Alıyevi niyə millidə görmürsünüz?
- Qismət Alıyev milliyə dəvət olunub. Mən oyunları izləyirəm və Amin Seydiyev, Mert Çelikin oyununu daha çox bəyənirəm. Komanda məğlub olanda həmişə deyirlər ki, filan oyunçu niyə dəvət olunmayıb. Üç gün öncə deyirdiniz, o oyunçu niyə oynamır, indi deyirsiniz ki, bu oyunçu niyə oynamır?
- Necə düşünürsünüz Portuqaliya Futbol Federasiyasının rəhbərliyi 8 oyundan 7-də uduzan əcnəbi məşqçini milli komandada saxlayardı?
- Milli komanda ilə 109 oyun keçirmişəm. Onun cəmi 20-də məğlub olmuşuq. Portuqaliya və Azərbyacan millisini müqayisə edə bilməzsiniz. Portuqaliyada 2 oyun dalbadal uduzanda göndərirlər. Mən heç vaxt ardıcıl 2 oyun uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Bu sualı mənə yox, federasiyaya vermək lazımdır.
- Qeyd etdiniz ki, Portuqaliya millisində iki dəfə ardıcıl məğlub olmayıb. Ancaq Azərbaycan millisində 8 oyunun 7-də uduzmusuz. Millinin passivində bu rəqəmlər neçəyə qalxmalıdır ki, anlayasız ki, bu futbolçularla Azərbaycanda sadəcə dəyərli vaxtınızı itirirsiz?
- Bu sual mənə aid deyil. Mənim müqaviləm var. Baş məşqçinin işi odur ki, futbolçuların potensialına baxsın, onları hazırlasın. Məsələn, bu gün bir addım önə atdıq. Çoxlu gənclər oynadı. Bu da irəliyə atılmış addımdır. Hazırda yalnız buna köklənmişəm.
- Futbol ictimaiyyəti və azarkeşlər son iki məğlubiyyətdən sonra əsəbidir. Azarkeşlərin sakitləşməsi üçün üzr istəməyi düşünürsünüzmü?
- Üzr istəmək başqa bir şeydir. Əlbəttə ki, biz azarkeşləri sevindirməliyik. Biz də onlarla hazırda eyni hissləri keçiririk, üzülürük. Hazırda heç kim bu nəticələrə görə sevinmir. Nə mən nə məşqçilər nə də oyunçular. O gün gələcək ki, Azərbaycan futbol ictimaiyyətin uğurlu nəticələrə sevinəcək.
Biz bura gələndə 3+1 il müqavilə razılaşdırmışıq. Əgər bura təklif bir yaxud iki illik olsaydı, mən gəlməzdim. Çünki bilirəm ki, bu heç də asan proses deyil. Əgər ölkə haqqında danışsaq, deyərəm ki, Azərbaycan gözəl ölkədir. Ancaq danışıqlarda müddət şərti olmasaydı, mən Fernandu Santuş olaraq bura gəlməyəcəkdim. Hazırda mən də çox üzgünəm, çünki karyeram boyu bu qədər məğlub olmamışdım. Mən öz gücümə də, oyunçuların potensialına da inanıram. Məncə, kifayət qədər gücümüz var ki, işimizi davam etdirək.
- Bu qarşılaşmalar onu göstərdi ki, millimiz Haiti və Belarusla eyni səviyyədə deyil. Növbəti rəqiblər daha fərqli ola bilərmi? Məsələn, Rusiya milli komandası Zambiya və Bruney millilərə böyük hesablarla qalib gəlir. Millimiz qələbə ruhunu qaytarmaq üçün fərqli rəqiblər seçməlidirmi?
- Əgər inkişaf etmək istəyiriksə, daha güclü komandalara qarşı oynamaq lazımdır. Sual yaxşı sualdır. Ancaq sırf qələbə qazanmaq istəyiriksə, ən aşağı səviyyəli millilərlə razılaşıb, oynayarıq. Hamı da bu nəticələrdən xoşbəxt olardı. Gələcəkdə də çalışacağıq ki, özümüzdən güclü rəqiblərlə oynayaq. İnkişaf yalnız bu halda mümkündür.
Qeyd edək ki, “Bank Respublika Arena”da baş tutan Azərbaycan – Belarus matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Aytac Sahəd
İdman.biz