“Komanda yoldaşlarıma və məşqçilərimizə təşəkkürümü bildirirəm”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Şahin Şahniyarov deyib.
I Liqa təmsilçisi “Qəbələ”nin formasını geyinən 20 yaşlı yarımmüdafiəçi yığmada debüt oyununu keçirib. O, Belarusla yoldaşlıq görüşündən sonra klubun mətbuat xidmətinə açıqlama verib: “Milli komandaya dəvət olunarkən özümü çox xoşbəxt hiss edirdim. Debüt matçı isə mənim üçün daha çox maraqlı oldu. Milli forması ilə ilk matçıma çıxdığım üçün çox sevincliyəm. Necə çıxış etdiyimi deyə bilmərəm, buna məşqçilərim qərar verəcək. Lakin istənilən halda öz üzərimdə daha çox işləməli olduğumu bilirəm. Ümid edirəm ki, milli komandanın heyətində və oyunlarda mütəmadi olaraq yer alacam”.
Qeyd edək ki, yığmamız Belarusa 0:2 hesabı ilə uduzub.
İdman.biz