Ayxan Abbasov: “Gənclərimizin xarakter nümayiş etdirmələri məni sevindirdi”

Xəbərlər
26 Mart 2025 10:54
55
Ayxan Abbasov: “Gənclərimizin xarakter nümayiş etdirmələri məni sevindirdi”

“Təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır”.

İdman.biz xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

O, Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı çərçivəsində Şimali Makedoniya yığması (0:0) ilə keçirilən yoxlama görüşündən sonra AFFA.az saytına fikirlərini bildirib: “Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik. Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə matçda xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik”.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalib (0:0).

İdman.biz

Məqalədə: