Azərbaycanda "Bakı", "Qarabağ", "Zirə" klublarında işləmiş, hazırda Şimali Makedoniya Futbol Federasiyasında təhsil mərkəzinin direktoru və yeniyetmələrdən ibarət milli komandaların hazırlıq strategiyasına rəhbərlik edən Borçe Xristovun Sportal.az-a müsahibəsi
- Şimali Makedoniyada işləriniz necə gedir?
- Təbii ki, federasiyada mənim öhdəliklərim var. Hazırda mən UEFA B lisenziya seminarındayam, yavaş-yavaş üzərimdə olan öhdəliklərə uyğunlaşıram. Azərbaycana gəlincə, mən dəfələrlə demişəm ki, orada özümü evimdəki kimi hiss edirəm. Dostlarım və həmkarlarımla müntəzəm olaraq əlaqə saxlayıram. Təbii ki, Azərbaycan üçün darıxıram.
- Şimali Makedoniyada artıq nələri edə bilmisiz? Nələri dəyişmisiz?
- Təhsil Mərkəzindəki vəzifələrimlə yanaşı, gənclərin kateqoriyaları üçün milli futbol strategiyasının hazırlanması ilə məşğulam. Bir sözlə, bu, klub akademiyalarında, Futbol Federasiyasının tabeliyindəki akademiyalarda, eləcə də gənclər kateqoriyası üzrə milli komandalarda həyata keçiriləcək oyun modelidir. Bundan əlavə, biz illik səviyyədə təlim prosesinin dövrləşdirilməsini hazırlayırıq. Təbii ki, bu, daha uzun müddət tələb edən böyük və uzunmüddətli prosesdir.
- "Zirə"nin çıxışı ilə maraqlanırsız? Sizcə, komanda turnir cədvəlində ikinci pillədəki yerini qoruyub-saxlaya biləcək?
- Vaxtım olanda təbii ki, “Zirə”nin matçlarını izləyirəm. Düşünürəm ki, onlar çempionatın ikinci yarısında əla seriya nümayiş etdirdilər və ümid edirəm ki, onlar bu ritmdə davam edib, keçənilki ikincilik nəticəsini təkrarlayacaqlar.
- "Zirə"nin futbolçusu Salifu Summa bu mövsüm bir çox klubların maraq dairəsindədir. Səncə, o, "Zirə"də necə inkişaf etdi?
- Suma çox perspektivli oyunçudur, bəlkə də liqanın ən istedadlı oyunçularından biridir. Ona uyğunlaşmaq və şübhəsiz ki, çox yüksək olan keyfiyyətlərini göstərmək üçün vaxt lazım idi. Təbii ki, burada oyun tərzi və üslubu, eləcə də Rəşad Sadıqovun ümumi rəhbərliyi rol oynadı.
- Azərbaycanda uzun illər və müxtəlif klublarda işləmisən. Sizcə, qarşıdakı illərdə fərqli komandanı çempion görmək mümkündür, yoxsa “Qarabağ”la rəqabət aparmaq çətindir?
- Son tura qədər çempionluq uğrunda mübarizə aparacaq bir neçə komanda olsaydı, Azərbaycan futbolu üçün yaxşı idi. Bu, komandaların “Qarabağ”la rəqabət apara bilməsindən ötrü sistemli və davamlı işləməsi lazımdır. Bunun üçün də uzun müddət tələb olunur. Bu, həm də “Qarabağ”ın özünün daha da yaxşılaşması üçün faydalı olacaq.
- AFFA Azərbaycan futbolu üçün yeni strategiya yazıb. Bunun üçün Belçika şirkəti ilə də əməkdaşlıq edilir. Sizcə, Azərbaycan futbolunda inkişafa başlamaq üçün hansı addımları atmaq mütləqdir?
- Hesab edirəm ki, Azərbaycanda uşaq futbolunda ciddi dəyişikliklərə ehtiyac var. Mən ilk növbədə klublarda şəraiti və işin təşkilini nəzərdə tuturam. Ümid edirəm ki, Belçika proqramı, onların təcrübə və bilikləri ilə kömək edəcəkdir. Bəlkə də Azərbaycanda mövcud olan sosioloji aspekt və mentalitetə diqqət yetirməyə dəyər. Onlara işlərində uğurlar arzulayıram və ümid edirəm ki, yaxın gələcəkdə gənclər kateqoriyasında nəticələr görünməyə başlayacaq.
İdman.biz