Futbol üzrə Azərbaycan millisi evdəki yoldaşlıq görüşlərini aşkar zəif keçirdi. Sumqayıtda Haitiyə acı məğlubiyyətdən (0:3) sonra Fernandu Santuşun yetirmələri Masazırda da, ikinci hissədə iki top buraxaraq, Belarusa uduzdular. Göstəricilər onu deməyə əsas verir ki, komandanın səviyyəsi getdikcə daha da aşağı düşür və işıq yeri isə heç görünmür.
İdman.biz xəbər verir ki, portuqaliyalı oyundan sonra baş məşqçi vəzifəsində fəaliyyəti ilə bağlı ən xoşagəlməz sualları cavablandırmaq məcburiyyətində qalıb.
Lakin bundan karıxmayan mütəxəssis hətta əks-hücuma belə keçib: "Bu sual mənə aid deyil, müqavilə var. Amma Portuqaliya və Yunanıstanda işlədiyim zaman heç vaxt ardıcıl iki matçda məğlub olmamışam".
Santuş əlavə edib ki, azarkeşlərin baş verənlərə münasibətini anlayır: "Biz də onlar kimi eyni hissləri keçiririk. Bu nəticələrdən məyus olmuşuq və hər şeyi yaxşılığa doğru dəyişmək üçün əlimizdən gələni etməliyik və işi davam etdirmək üçün kifayət qədər gücümüz var. Gün gələcək, Azərbaycan azarkeşləri və futbol ictimaiyyəti nəticələrə sevinəcəklər. Bu, düşündüyümdən daha uzun çəkəcək".
O, şərtləri onu çox cəlb edən müqavilənin özəlliyindən də danışıb: “AFFA rəhbərliyi ilə söhbətdə “3+1” sxemi ilə müqavilə bağladıq. Mənə bir və ya iki illik müqavilə təklif edilsəydi, qəbul etməzdim. Çünki bu prosesin nə qədər mürəkkəb olduğunu bilirəm".
Portuqaliyalı əlavə edib ki, o, belə tez-tez məğlubiyyətlərə öyrəşməyib: "Azərbaycan gözəl ölkədir, Bakı möhtəşəm şəhərdir, burada hər şey ən yüksək səviyyədədir. Amma məsələ bu deyil. Müqavilənin şərtləri barədə danışmışam. Yəqin ki, hamıdan çox mən məyusam. Karyeramda heç vaxt belə tez-tez məğlub olmamışdım. Öz işimə və futbolçuların potensialına inanıram. İstədiyimiz nəticəni əldə edə biləcəyik".
Ancaq hələlik bütün bunlar sözdür. Reallıqda isə milli komanda hətta qənaətbəxş səviyyədən də çox uzaqdadır. Halbuki dünya çempionatının seçmə mərhələsində bizi Fransa, Ukrayna və İslandiya kimi rəqiblər gözləyir. Bu məsələ ilə bağlı şərhlər isə artıqdır.
Belarusla oyuna qayıdaraq, qeyd edək ki, məşqçi geniş rotasiyaya getmişdi. Santuş Haitiyə ağır məğlubiyyətdən bir neçə gün sonra komandanın start heyətində 6 dəyişiklik etmişdi. Əgər əvvəlki yoldaşlıq oyununda əsas heyətdə müxtəlif vaxtlarda “Qarabağ”da çıxış etmiş on futbolçu var idisə, bu dəfə onlardan cəmi dördü qalmışdı - Mustafazadə, Bayramov, Axundzadə, eləcə də bu mövsüm Albaniyaya köçən Zamiq Əliyev.
Meydan sahibləri qarşılaşmaya aqressiv başlasalar da, ilk dəqiqələrdə Lapouxovun qapısı qarşısında əsl təhlükəli anlar yaşanmadı. Rəqib yavaş-yavaş uyğunlaşıb, öz iradəsini diktə etməyə başladı. Qromıkonun uzaq məsafədən zərbəsində dəqiqlik çatmadı, sonra Lisakoviç cərimə zərbəsindən hiyləgər zərbə ilə topu kənardan tora göndərdi. Birinci hissənin sonlarında Belarus yığması künc zərbəsindən az qala qol buraxacaqdı, amma zərbəsi dirəyə tuş gələn Toral Bayramov qonaqları bağışladı.
Oyunda bir saatın tamamında künc zərbəsindən sonra hündürboy Zabelin digərlərindən daha zirək çıxdı və Belarus komandası hesabda önə keçdi. Daha sonra da Ebonqun ötürməsi ilə Demçenko fərqləndi - 2:0.
Sonda Emreli hesab arasındakı fərqi azaltmağa çalışdı, Demçenko isə Ebonqun ötürməsindən sonra Cəfərovu ikinci dəfə məyus etmək şansını qaçırdı. Nəticədə Belarus tarixində ikinci dəfə Azərbaycan komandasına qalib gəldi.
Zəki Feyzullayev
İdman.biz