Vidadi Rzayev: “Futbolumuzda vəziyyət olduqca acınacaqlıdır"

Xəbərlər
26 Mart 2025 17:13
84
Vidadi Rzayev: “Futbolumuzda vəziyyət olduqca acınacaqlıdır"

"Millinin durumu düzələnə oxşamır".

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev deyib.

O, yığmamızın Belarusa 0:2 hesablı məğlubiyyətinin səbəblərini açıqlayıb: "Qarşılaşmada müdafiədən oynadılar. Mərkəzi rəqibə vermişdilər, ona görə də onlar hücuma rahat çıxırdılar. Bu müdafiə üsulunu tətbiq etməklə, əks-hücumda oynamaq da işimizə yaramadı. Çünki elə potensiallı futbolçularımız yoxdur. Ümumiyyətlə, hazırda çox ciddi oyunçu qıtlığı var. Aşağı yaş qruplarında oynayan komandalarımız da məğlub ola-ola gəlirlər. Təkcə U-21-in son oyunları istisna olmaqla, vəziyyət ürəkaçan deyil".

Veteran futbolçu yoldaşlıq görüşlərində Fernandu Santuşun formalaşdırdığı heyət haqqında fikirlərini bölüşüb: "Bu matçda əsasən gənclər oynadı. Biz hamımız cavanların oynamasını istəyirik. Bir il, üç il, beş il uduza-uduza getsinlər, ancaq biləsən ki, potensialları var və nə vaxtsa vəziyyət düzələcək. Necə ki, Almaniya bu təcrübəni tətbiq edib dalbadal bir neçə il yer tuta bilmədi, heyəti yeniləyib çempion oldu. Ancaq biz Almaniya deyilik. Futbolçunun pasportu meydançadır, istəyir çıxıb 40 yaşında oynasın. İndiki mərhələdə cavanlarla təcrübəlilərin vəhdətini yaratmaq lazımdır. Siz inanırsınız ki, bu gün oynayan gənclərimiz iki il sonra fontan edəcək? Bəziləri heyətdən kənarda qalmışdı, xüsusilə Rüfət Abdullazadəni qeyd etmək istəyirəm. O, çempionatımızda mənim bəyəndiyim sol ayaqlardan biridir. Musa Qurbanlı qocadır onu ehtiyatda saxlayırsan? Yaxud Ağadadaş Salyanski? Burax oynasın da. Santuş nə etdiyini heç özü də bilmir. Gəncləri oynatmaqla bir növ özünü sığortalamaq istəyirdi".

Rzayev Santuşun dünənki mətbuat konfransında Azərbaycanla Portuqaliya millilərinin müqayisəsinə dair söylədiyi fikirlərə də münasibət bildirib: "Bunu hamı bilir ki, Portuqaliya ilə Azərbaycan millisi müqayisə olunası deyil, nəinki onlar, hazırki durumda yığmamızı heç Gürcüstanla müqayisə edə bilmərik. Əgər sən perspektiv görmürsənsə, bəs burada neyniyirsən? Çətini müqavilə bağlayana kimidir. Deyirdilər ki, Santuş komandanı 2028-ci ildə Avropa çempionatının final mərhələsinə çıxaracaq. Hazırki duruma baxanda bu, yuxu kimi görünür. Legioner limiti götürüləndən sonra isə millinin düzəlməsi çətin məsələdir. Vəziyyət olduqca acınacaqlıdır".

Qeyd edək ki, yığmamız Fernandu Santuşun rəhbərliyi altında hələlik qələbə qazana bilməyib.

Aytac Sahəd
İdman.biz

Məqalədə: