İlin ilk yoldaşlıq görüşündə Azərbaycan millisi daha təcrübəlilərə üstünlük verdiyi halda, Belarus yığması əsasən gəncləri sınamışdı. Bir-biri ilə qarşılaşmada baş məşqçilər ilk matçdakının əksinə seçim etdilər.
İdman.biz komandaların start heyətlərinin yaşlarına görə müqayisəsini nəzərdən keçirib.
Karlos Alos daha zəif rəqib bildiyi Tacikistanla yığmada meydanda əsasən gənclərin performansını izləmək qərarını vermişdisə də, Azərbaycanla oyunda ilk oyunda gənclərə arxayın olmayaraq daha təcrübəli futbolçularını meydana buraxmışdı. Fernandu Santuş da eyni düşüncə ilə daha çox ehtiyat etdiyi rəqibə qarşı əsas heyəti buraxdığı halda, gənclərin sınağını Belarusla matça saxlamışdı.
Müqayisə üçün deyək ki, Belarus yığması Tacikistanla oyuna orta yaşı 23,8 olan start heyəti ilə çıxmışdı. Meydandakı 11 nəfərdən 7-si 23 və daha aşağı yaşlı futbolçular idi. Həmin matçda bu heyət heç nə edə bilməmişdi və fasilədən sonra meydana çıxan təcrübəlilər oyunun gedişini dəyişmişdilər. 64-cü dəqiqədən sonra vurulan bütün qolları meydana sonradan çıxan futbolçular vurmuşdular.
Azərbaycanla oyunda isə artıq start heyətinin orta yaşı 27,8 idi. Bu dəfə “11-lik”də yaşı 23-dən aşağı olan cəmi 2 nəfər idi. Onlardan biri Karlos Alosun ilk matçdan fərqli olaraq bu dəfə uğurla sınadığı 21 yaşlı qapıçı Fyodor Lapuxov, digəri isə taciklərlə oyunda meydana sonradan girərək qollardan birini vurmuş 18 yaşlı hücumçu Trofim Melniçenko idi. Start heyətində 30 yaşdan yuxarı 3 futbolçu var idi və onlardan ən yaşlısı 35 yaşlı Aleksey Qavriloviç idi.
Fernandu Santuş isə Haiti ilə matçda starta orta yaşı 27,2 olan heyət buraxmışdı və bu “11-lik”də meydanda 23 yaşdan aşağı futbolçu tək Nəriman Axundzadə idi. Belarusla matçda isə ilk 11-lik orta 23,4 yaşında idi və artıq 23 yaşlı və daha kiçik olan futbolçuların sayı 6 idi. Ən gənc 20 yaşını bu ilin əvvəlində qeyd etmiş Şahin Şahniyarov idi. Ən yaşlı isə 28 yaşlı Bəhlul Mustafazadə idi.
Qeyd edək ki, millimiz Belarusa 0:2 hesabı ilə məğlub olub.
Vüqar Məmmədov
İdman.biz