“Neftçi”nin futbolçusu: “Karyeramın ən yaxşı anlarından birini yaşadım”

Xəbərlər
27 Mart 2025 13:19
48
“Neftçi”nin futbolçusu: “Karyeramın ən yaxşı anlarından birini yaşadım”

"Cinahdan hücumlara qoşulmağı xoşlayıram. “Ya hər şey, ya da heç nə” düşüncəsi ilə irəli atıldım”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin və Monteneqro millisinin futbolçusu Edvin Kuç deyib.

DÇ-2026-nın Farer adaları ilə seçmə oyununda (1:0) qələbə qoluna imza atan monteneqrolu vətənində verdiyi açıqlamada görüş barədə fikirlərini bildirib: “Karyeramın ən yaxşı anlarından birini yaşadım. Bizim üçün çətin oldu - həm emosional, həm də fiziki cəhətdən yorğun idik. Meydan da yaxşı vəziyyətdə deyildi. Toplanışın ilk günündən məşqçilər rahatlamamağı tapşırırdılar ki, 6 xal asanlıqla qazanılmayacaq. Əsas odur ki, bu oyunları zədəsiz başa vurduq”.

“Neftçi”dən əvvəl Kosovonun “Balkani” klubunda çıxış edən Kuç həmin vaxt Farer adalarından olan komandalarla oynamaq imkanı qazanıb: "Balkani” forması ilə Farer adalarından olan komandalara qarşı oynamışam. Bu oyunun da asan olmayacağını bilirdim. Artıq hamı futbol oynaya bilir, arxayınlaşmağa yer yoxdur. Rəqib möhkəm komanda idi. Biz bu oyuna Cəbəllütariqlə matçdan daha yaxşı başladıq. Çox fasilələrə yol vermədik, matça nəzarət etdik”.

Qeyd edək ki, Cəbəllütariqə 3:1, Farer adalarına 1:0 hesabı ilə qalib gələn Monteneqro tsiklə 6 xalla başlayıb.

İdman.biz