Azərbaycan millisinin qələbəsiz oyunlar seriyası 8-ə çatıb.
İdman.biz xəbər verir ki, yığmamız Fernandu Santuş baş məşqçi təyin olunandan qalib gəlmir.
Son qələbə iyunun 11-də Macarıstanda qeydə alınıb. Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstana 3:2 hesabı ilə qalib gəlib.
Ardınca Millətlər Liqasının 6 oyununda 1 xal və məğlubiyyətlə bitən 2 yoldaşlıq görüşü keçirilib. Haitiyə 0:3, Belarusa 0:2 uduzan milli antirekordundan hələ çox uzaqdadır.
Komandanın tarixindəki üç ən uzun qələbəsizliyi xatırlayaq.
27 oyun
2004-ün iyunundan sonra Karlos Alberto Torresin yetirmələri tilsimə düşüblər. Braziliyalını əvəzləyən Vaqif Sadıqov da seriyanı qıra bilməyib. Həsrətə 2007-nin martında Şahin Diniyevlə son qoyulub. Az qala 3 il qələbə qazanmayan milli həmin müddətdə 12 heç-heçə edib və 15 dəfə uduzub.
15 oyun
İki əsrin qovuşduğu dövr də sindromla yadda qalıb. 1999-un iyunundan başlayan uğursuzluq zolağı 2001-in fevralına qədər uzanıb. Əhməd Ələsgərovla başlayan seriya Əsgər Abdullayevlə davam edib.
İqor Ponomaryov dövründə qırılan seriyada 3 heç-heçə və 12 məğlubiyyət yaşanıb.
14 oyun
Yığmamız elə ilk illərində də qələbəsizliklə üzləşib. 1993-cü iyununda qazanılan qələbə uzun illər həsrətlə xatırlanıb. 1996-nın fevralına qədər gözləyən azarkeşlər bu illər ərzində Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Kazbek Tuayevi yığmanın başında görüblər. Onların gördüyü isə 3 heç-heçə və 11 məğlubiyyət olub.
Vüqar Xeyrullayev
İdman.biz