Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sərt qərar verib.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Elvin Cəfərquliyevi düşərgəyə çağırmayacaq.
O, bu barədə AFFA mənsubları ilə söhbətində bildirib. 70 yaşlı baş məşqçi Haiti ilə yoxlama görüşündə (0:3) qırmızı vərəqə alan müdafiəçinin intizamsız hərəkətlərindən təngə gəldiyini söyləyib.
Santuş millidə işlədiyi 10 ay ərzində onun artıq ikinci dəfə komandanı çətin vəziyyətə saldığını xatırladaraq bildirib ki, daha Elvinə güzəştə getmək fikrindən uzaqdır.
Baş məşqçi DÇ-2026-nın seçmə mərhələ oyunlarına Cəfərquliyevsiz başlayacağını vurğulayıb, bu kimi halların kollektiv daxilində ab-havanı pozduğunu diqqətə çatdırıb.
Sabiq “Beşiktaş”lını hiddətləndirən digər olay hakimlə mübahisə etdiyi üçün 85-ci dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan qovulan Elvinin meydanı tərk edərkən ona sifətini turşutmasıdır. Santuşla əl sıxışan “Qarabağ”lı cinah oyunçusu dodaqaltı nəsə deyib, bu zaman yaranan gərginlik diqqət çəkib.
İdman.biz