Elvin Cəfərquliyevlə Serxio Ramosun fərqi: Dünyada 1-ci kimdir?

Təhlil
28 Mart 2025 11:35
63
Elvin Cəfərquliyevlə Serxio Ramosun fərqi: Dünyada 1-ci kimdir?

Karyerası ərzində aldığı qırmızı vərəqə sayındakı antirekordçular bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS tarixin və XXI əsrin ən intizamsızlarını müəyyənləşdirib.

2001-25-ci illərdə ən çox qırmızı vərəqə alan oyunçu Serxio Ramosdur. İspaniyalı müdafiəçi nə az, nə çox – 30 dəfə meydandan qovulub. O, 20 illik karyerası ərzində “Sevilya”da 1, “Real”da 26, PSJ-də 2, “Monterrey”də 1 dəfə belə cəza alıb. Maraqlıdır ki, Serxio millidəki 180 oyunda komandasını heç vaxt azlıqda qoymayıb.

İFFHS-in tarixin antirekordçusu hesab etdiyi intizamsız isə Gerardo Badoyadır. Karyerasını 2015-ci ildə bitirən kolumbiyalı oynadığı 20 il ərzində 46 qırmızı vərəqə ilə cəzalanıb.

Azərbaycan millisində Haiti ilə görüşdə aldığı qırmızı vərəqədən sonra intizamsızlığı yenidən gündəmə gələn Elvin Cəfərquliyev isə Ramosla Badoyanın yanında şükürlüdür. Onun peşəkar karyerasında cəmi 6 qırmızı vərəqə var. O, iki dəfə Premyer Liqa, üç dəfə avrokubok, bir dəfə millidə cəzalanıb.

Amma 25 yaşlı futbolçu karyerasına cəmi 6 il əvvəl başladığından qırmızıların artacağı istisna deyil. O, hələ peşəkar karyerasındakı 6 cəzadan əvvəl U-19 millisində də bir qırmızı vərəqə alıb.

Qeyd edək ki, Elvin klub karyerasındakı bütün qırmızıları “Qarabağ”ın heyətində alıb.

İdman.biz