PSJ-nin sahibi və prezidenti Nasser Əl-Xelaifinin hədəfləri böyükdür.
İdman.biz xəbər verir ki, 51 yaşlı qətərli FIFA prezidenti olmaq niyyətindədir.
Bunu iddia edən "RMC Sport"un məlumatına görə, Əl-Xelaifi 2027-ci ildə keçiriləcək növbəti seçkilərdə namizədliyini irəli sürmək və o vaxta qədər bunun üçün lazımi zəmin hazırlamaq fikrindədir. Nəşrin jurnalisti Fabien Tuahti mövzu ilə bağlı belə yazıb: "Mən bunu bir çox nüfuzlu insanlardan, o cümlədən Qətərdəkilərdən eşitmişəm. Onların məlumatlılığına göz yummaq olmaz".
Əl-Xelaifi 2011-ci ilin noyabrından PSJ-yə rəhbərlik edir. Bu vəzifədə 14-cü ilini keçirən qətərli Frensis Borellini (1978-1991) qabaqlayaraq Paris klubunun ən uzunmüddətli prezidenti olub. Onun rəhbərlik etdiyi "Qatar Sports Investments" İspaniyanın "Malaqa" klubunu da almaqla bağlı danışıqlar aparır.
Vaxtilə peşəkar tennisçi olan Əl-Xelaifi həmçinin Avropa Klub Assosiasiyasının (ECA) prezidenti və bu qurumun təmsilçisi kimi UEFA İcraiyyə Komitəsinin üzvüdür.
Qeyd edək ki, 2016-cı ildən FIFA-nın prezidenti isveçrəli-italiyalı Canni İnfantinodur.
İdman.biz