Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun Sport24.az-a müsahibəsi
- Millimiz yoldaşlıq oyunlarında Haiti və Belarusa da məğlub oldu. Yaxşı nəticələr qazana bilməməyimizin səbəbini nədə görürsünüz?
- Fikrimcə, yığmamızda gəncləşdirmə söhbəti yoxdur. Peşəkar futbolda yaşa baxmırlar. Gənc oyunçu hazırdırsa, meydana çıxacaq və oynayacaq. Amma onu nəyə görəsə oynatmaq bir az qəribə gəlir. Gənclər bilməlidirlər ki, onlar millidə oynamaq istəyirlərsə, klubda lider kimi çıxış etməlidirlər. Əsas məsələ budur. İndiki halda bizdə yerli oyunçu qıtlığı var. Həddindən artıq az oyunçuya sahibik. Dörd-beş aydan sonra işimiz daha da ağır olacaq. Klublarımızın əksəriyyətində mərkəz müdafiəçiləri, dayaq yarımmüdafiəçiləri, cinah oyunçuları əcnəbidirlər. Millimizin qarşıdakı aylarda aqibəti necə olacaq? Bu sual məni düşündürür. Hazırda gənclər milliyə dəvət alıblar. Baş məşqçi onlara inanıb. Bu, yaxşı haldır. Onların arxasında dayanmaq lazımdır ki, klublarında da əsas heyətdə oynasınlar.
- Haiti və Belarusla oyunlara da toxunmağınızı istərdik...
- Bu matçlar bizdə həddindən artıq həyəcan yaratdı. Çünki hələ də bilmirik ki, biz hansı futbolu oynaya bilirik. Müdafiədən oynayırıqmı? Bizdə bu da alınmır. Yarımmüdafiə xəttimiz də effektli deyil. Bu mövqedə topla 30-40 metr hərəkət edən, rəqiblərini aldadan və qapıya zərbə vuran futbolçularımız yoxdur. Hücumçularımız orta xətdən asılıdır. Nə qədər nüanslar və problemlər var. Birinci oyunu çıxmaq şərti ilə ikinci matçda futbolçular istəkli idilər. Meydanda istək olmalıdır. Bizə çox qəribə gəlir. Bu sözü tez-tez istifadə edirik. Peşəkar futbolçusansa, işini layiqincə görməlisən. İyunda da iki yoldaşlıq oyunumuz olacaq. Bu iki qarşılaşmada artıq əsas heyəti hazırlamaq və inkişaf etdirmək lazımdır. Sentyabrda seçmə mərhələ matçlarına hazır olmalıyıq.
- Yığmamız baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında 8 oyunda qələbə qazana bilməyib. Sizcə, səbəb nədir?
- 1994-1995-ci ildəki ilə indiki milli komanda arasında yerlə göy qədər fərq var. Federasiya yığma üçün hər şeyi edir. 1994-cü ildə mən işlədiyim dönəmdə Moldovadan Rumıniyaya avtobusla getmişik. O vaxt şərait çox ağır idi. İndi komandamızın hər şeyi var. Qalıb işləmək və yaxşı oynamaq. Əlbəttə heç kim uduzmaq istəmir. Bu da oyunçularımızda vərdiş yaradır. Onlar özləri də bunu dərk etməlidirlər. Komandanın daxilində oyunçular arasında bir iclas olmalıdır. Aralarında baş məşqçidən başqa daha bir böyük özünü göstərməlidir. Baş məşqçilər sözlərini deyirlər. Amma komanda daxilində də möhkəm qrup olmalıdır. Bu da qələbələrə təkan olacaq. Öz klublarında çox oynayan futbolçularımız da var. Bəhlul Mustafazadə və Bədavi Hüseynovu buna misal göstərə bilərəm. Amma lider olmaq lazımdır. Hazırkı yığmada belə sima yoxdur. Gələcəkdə necə olacaq? Deyə bilmərəm. Məncə, futbolçular da məğlubiyyətlərə görə məyus olurlar. Yaxşı xatırlayıram. 2018-ci ildə Belarus millisi Bakıda bizi 1:0 hesabı ilə məğlub etmişdi. Onların oyunlarına yaxşı bələdəm. Bu ölkənin təmsilçiləri ilə çox qarşılaşmışıq. Uzun ötürmələrə üstünlük verirdilər və cinahlardan cərimə meydançasına asmalar edirdilər. Cinahlarda sürətli oyunçuları olurdu və bundan istifadə edirdilər. Amma indiki Belarus millisi başqa futbol oynadı. Top həmişə yerdə idi. Qısa ötürmələrə üstünlük verirdilər, oyun qurmağa çalışırdılar. Baş məşqçiləri də ispandır. Onlara bu taktikanı baş salıb. 2018-ci ildəki Belarus yığması ilə indiki arasında çox fərq var idi. Artıq topla işləyirlər, qısa ötürmələrə üstünlük verirlər və sürətli hücuma çıxırlar. Biz hələ bilmirik ki, hansı futbolu oynayırıq. Rəqib hücum edəndə sıx oynayırdıq, top bizdə olanda isə istifadə edə bilmirdik. Belarusla görüşdə ilk dəfə milli komandanın formasını geyinən futbolçular oldu. Onlardan hələlik böyük oyun gözləmək olmaz. Məğlub olmaq pisdir. Amma bunun səbəblərini araşdırmaq, analiz etmək lazımdır. Hansı futbolu oynamaq istəyirik? Onu tapmalıyıq.
- 1995-ci ildə ardıcıl 10 oyunda məğlubiyyətə görə sizinlə yollar ayrılmışdı. Santuşu da eyni aqibət gözləyirmi?
- Mən bunu deyə bilmərəm. Həmin vaxt maaş almırdım. O vaxtla indiki arasında fərq böyükdür. Məşq etməyə yerimiz belə olmurdu. Buzovnadakı stadionda hazırlaşırdıq. Yığmada işləmək baş məşqçilər üçün böyük şərəf idi. Uduzmağımıza baxmayaraq, Azərbaycan millisinin baş məşqçisi olduğumuz üçün qürur duyurduq. Fernandu Santuşla bağlı AFFA rəhbərliyi düşünməli və qərar verməlidir. Məşqçi gətirəndə hərtərəfli analiz aparılmalıdır. Düşünmək lazımdır ki, o, bizim futbola nə verə bilər. Bizim futbolu tanıyırmı? Komanda bir ailədir. Belə olmasa, o kollektivdən heç nə gözləmək olmaz. Santuş mətbuat konfransında dedi ki, 2028-ci ilədək müqaviləm var, işləmək istəyirəm. İşlə, amma komandada inkişaf olsun. Söhbət də budur. Yığmaya çağırılan gənclərin 3-4 ildən sonra 26-27 yaşları olacaq. Bəs onlar klublarında daim əsas heyətdə oynayırlarmı? Məsələ budur. Oyunçu yığmada açılmır. Futbolçu klubda inkişaf edir. Məşq isə oyuna hazırlıqdır. Məşqçilərdən eşitmirəm ki, desinlər ki, yığmanı gəncləşdirirəm. Bir həftə əvvəl İngiltərə millisinin oyununa baxırdım, 36 yaşlı Henderson meydanda idi. Baş məşqçi onun yaşına baxmır. Layiqdirsə, oyun kriteriyasına cavab verirsə, oynadır.
- Bəs bu nəticələrdən sonra millimizin DÇ-2026-nın seçmə mərhələsindəki şanslarını necə görürsünüz? Nəyə ümid edə bilərik?
- Bizim üçün çox ağır olacaq. Rəqiblər güclüdür. Açıq danışaq, indiki halda zəif komanda yoxdur. San Marino, Andorranın düşməsini istəyirik? İyundakı yoldaşlıq oyunlaırnı gözləyək. Heyət həmin vaxt tam hazır olmalıdır ki, sentyabrdan etibarən rahat oynasınlar. Biz də millimizin qələbələr qazanmasını istəyirik. Adamın ürəyi ağrıyır. Niyə biz aldada bilmirik, qol vəziytəti yarada bilmirik? Gərək klublarımıza da əl gəzdirək. Onlardan xahiş edək ki, yerli oyunçuları inkişaf etdirsinlər.
- Təcrübəli mütəxəssis kimi necə düşünürsünüz, Azərbaycan millisi neçə ildən sonra azarkeşlərin istədiyi nəticələri əldə edə bilər?
- 2025/2026 mövsümündən Premyer Liqamızda legioner limiti də ləğv olunur. Əgər bizim oyunçuların 9-10 üzvü ölkə xaricində oynasa və komandalarının əsas üzvləri olsalar, həmin vaxt nəyəsə ümid bəsləyə bilərik. Gürcüləri misal çəkirəm. Avropa çempionatındakı heyətdə 26 futbolçudan 23-ü ölkə xaricində çıxış edirdi. Bizdə elə oyunçular olmayacaqsa, heç bir şeyə nail ola bilmərik. Azərbaycan Premyer Liqasında çıxış edib milli ilə beynəlxalq arenada uğur qazanmaq çətindir. Uzağa getmək lazım deyil. "Qarabağ"ın yaxşı legionerləri olmasa, nəticə də olmayacaq. Heyətdəki yerlilər - Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə və digərləri həmin əcnəbilərin hesabına inkişaf edirlər. Qələbə ruhu da onlarda çoxdur. Futbolçuları xaricə göndərmək lazımdır.
- Elvin Cəfərquliyev yoldaşlıq oyununda da qırmızı vərəqə aldı...
- Bu, ayrı mövzudur. Mən səninlə razıyam, bir az intizamsızdır. Klubda və millidə onunla söhbət edilməlidir. Klubda da qırmızı vərəqələr alır axı... Məncə, futbolçularımız ölkə xaricinə yollanmağın yollarını tapmalıdırlar. Karyeraları üçün də yaxşı olacaq, daha da çox inkişaf edərlər.
İdman.biz