“Turan Tovuz”un əsas korpus binasının açılışı olub

Xəbərlər
28 Mart 2025 17:27
59
“Turan Tovuz”un əsas korpus binasının açılışı olub

Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılışı mərasimi keçirilib.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, açılış mərasimində “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, futbol ictimaiyyətinin nümayəndələri və media mənsubları iştirak ediblər.

Qeyd edək ki, “Turan Tovuz”un baş sponsoru “Huner Group”un maliyyə vəsaiti hesabına tikilən binanın təməli 2023-cü ilin iyul ayında atılıb.

Binanın ümumi ərazisi 3 min kvadratmetrdən çoxdur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı, məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar mövcuddur.

Burada futbolçuların asudə vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tennis, bilyard, video oyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb.

Bütün otaqlar ən müasir, zəruri avandanlıqlar təchiz edilib.

Yeni binanın istifadəyə verilməsi ilə birlikdə 24 otaqdan ibarət olan korpuslu akademiya binası bütövlükdə “Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək.

Açılış mərasimində “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev və AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış ediblər. Onlar bu açılışın region futbolu üçün mühüm hadisə olduğunu qeyd ediblər.

Daha sonra binanın açılışı münasibəti ilə rəmzi qırmızı lent kəsilib.

İdman.biz

Məqalədə: