Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasını çalışdıran Jorje Jesus Braziliya millisinin baş məşqçisi olmağa yaxındır.
İdman.biz xəbər verir ki, 70 yaşlı portuqaliyalı mütəxəssislə artıq danışıqların getdiyi bildirilir.
Braziliya millisinin baş məşqçisi vəzifəsindən istefaya göndərilən Dorival Juniorun rəhbərliyi ilə komanda keçirdiyi 16 matçda 7 qələbə qazanıb, 6 heç-heçə edib və 3 dəfə uduzub.
DÇ-2026 seçmə mərhələsinin Cənubi Amerika zonasında 14 turdan sonra braziliyalılar on komanda arasında 4-cü yerdədirlər. Onlar turnirin final mərhələsinə vaxtından əvvəl vəsiqə qazanan Argentinaya iki dəfə uduzublar (1:4 və 0:1).
Jesus 2023-cü ilin yayından “Əl-Hilal”ı çalışdırır və onun müqaviləsi bu yaya kimidir. Portuqaliyalının rəhbərlik etdiyi komanda 25 turdan sonra Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci yerdədir.
Qeyd edək ki, Jesus 2019-2020-ci illərdə Braziliyada "Flamenqo"nu çalışdırıb. Onun rəhbərliyi ilə komanda "Campeonato Brasileiro Serie A", "Copa Libertadores", "Supercopa do Brasil", "Recopa Sudamericana", "Campeonato Carioca" turnirlərinin qalibi olub.
İdman.biz