Faiq Hacıyev: "Qarabağ" kimi komanda hər matça motivasiyalı çıxır" - MÜSAHİBƏ

Müsahibə
30 Mart 2025 11:45
46
Faiq Hacıyev: "Qarabağ" kimi komanda hər matça motivasiyalı çıxır" - MÜSAHİBƏ

"Turan Tovuz"un futbolçusu Faiq Hacıyevin Sport24.az-a müsahibəsi

- Premyer Liqanın XXVIII turunda "Qarabağ"a 1:4 hesabı ilə yenildiniz. Məğlubiyyətə səbəb nə oldu?

- Bu matça digər qarşılaşmlar kimi yaxşı hazırlaşmışdıq. Yenə xal qazanmaq istəyirdik. Rəqib əlinə düşən imkanlardan yaxşı yararlandı və qalib gəldi.

- Bu mövsüm "Qarabağ" ilk dəfə sizi məğlub etdi. Bəlkə əvvəlki matçlardakı nəticələrə görə dünən meydana daha motivasiyalı çıxmışdılar?

- "Qarabağ" kimi komanda hər matça motivasiyalı çıxır. Bizə qarşı qələbələrinin olmamağı da sizin dediyiniz kimi görüşə marağı artırırdı.

- Çempionatda ardıcıl 4 oyunda qələbə qazana bilmirsiniz. Bunu nə ilə əlaqələndirirsən?

- Əlbəttə, bu durum bizi də narahat edir. Səhvlərimizdən tez bir zamanda dərs çıxarmalıyıq. Qarşıdakı matçlarda daha yaxşı olmağa çalışacağıq.

- "Qarabağ"la oyunda sarı vərəqə alaraq cəzalı duruma da düşmüsən. "Səbail"lə oyunda meydanda ola bilməyəcəksən. Bu barədə nə deyə bilərsən?

- Bizi çətin qarşılaşma gözləyir. Bu matçda meydanda olub komandama kömək etmək istəyərdim. Amma komanda yoldaşlarıma inanıram. Ümid edirəm ki, bu görüşdə hər şeyimizi ortaya qoyub qalibiyyət əldə edəcəyik.

- "Sabah" və ya "Neftçi" kuboku qazansa, dördüncü yer avrokuboklar üçün kifayət etməyəcək. Üçüncü yeri tuta biləcəyinizə inanırsanmı?

- Çempionatın sonunadək əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Necə olacağını zaman göstərəcək.

İdman.biz