Elvin Məmmədov: "Bəlkə də vəziyyət daha betər olardı, bəlkə də yaxşı olardı"

Xəbərlər
30 Mart 2025 19:22
42
Elvin Məmmədov: "Bəlkə də vəziyyət daha betər olardı, bəlkə də yaxşı olardı"

"Bilirdik ki, bizi çətin rəqib gözləyir. "Kəpəz" əsas rəqibimizdir. Oyunun ciddiliyinin fərqinə varırdıq. Məncə, indiki durumda bu 1 xal bizə xeyir verəcək".

İdman.biz xəbər verir ki, bunu “Səbail”in məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 28-ci turunda “Kəpəz”lə (1:1) oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis matçı şərh edərkən bildirib ki, sonadək mübarizə aparacaqlar: "Futbolçuların yerinə danışmaq asan olar. Əziyyəti onlar çəkir. Yorulubsa, bir az vaxt apara bilər. Bu, futbolun qanunudur. Amma bura 1 xal üçün gəlməmişdik, 3 xal üçün gəlmişdik. Şükürlər olsun, ən azından uduzmadıq. Çempionat davam edir. Ümidimizi üzməmişik, sona qədər mübarizə aparacağıq. "Keçmiş qaldı keçmişdə. Qaytara bilmərik. Rəhbərlik sağ olsun ki, həm həmin dövrdə, həm də indi mənə şans verdi. Çətin durumda olan komandaya gənc məşqçini təyin etmək asan qərar deyil. Nəsə demək çətin olar. Bəlkə də vəziyyət daha betər olardı, bəlkə də yaxşı olardı".

Elvin Məmmədov komandasının hazırki durumundan söz açıb: "Cavid Hüseynovun vaxtında da komanda oynayırdı. Mən də bunu yaşamışam. Uduzduqca futbolçuda düşüş olur. Məqsədimiz futbolçuları psixoloji cəhətdən hazırlamaqdır. Ümid edirəm ki, bu durumdan çıxacağıq.

Məşqçi Cavid Hüseynovun "Səbail"dən gedişindən sonra aralarındakı münasibətlərdən də bəhs edib: "Bizim Cavidlə səmimiyyətimizə şübhə olmasın. Ailəvi dostluğumuz var. Mən Cavid Hüseynovdan qabaq da burada idim. Onun komandadan hansı şəkildə getməsi bizim dostluğumuza xələl gətirməyəcək. İnsanlar danışacaq, bu, normaldır. Hansısa insanın ağzını yummaq mümkün deyil".

İdman.biz