“Neftçi”nin müdafiəçisi Azər Salahlının Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 28-ci turunda “Araz-Naxçıvan”la görüşdə 1 xalla kifayətləndiniz. 1:1 hesabı ilə yekunlaşan oyun barədə nə deyə bilərsiniz?
- Çempionatdakı fasilədən sonra ilk oyunumuz idi. İstirahətin ardınca meydana çıxmaq asan olmur. Buna baxmayaraq, yaxşı çıxış etdik, epizodlarımız çox oldu. Sadəcə olaraq son anda soyuqqanlığımız bir qədər çatmadı. Buna görə də 1:1 hesabı qeydə alındı.
- 7 dəqiqəyə 2 qol vurulduqdan sonra sanki komandalar meydanda dayandı, hər iki tərəf daha ehtiyatlı oynamağa başladı. Bu, nədən irəli gəlirdi?
- Deməzdim ki, ehtiyatlı oynamağa başladıq. Niyyətimiz oyuna aqressiv başlamaq idi. Belə də oldu. Erkən qol vurduq. Sonradan öz səhvimizdən, ehtiyatsızlıqdan qol buraxdıq. Yenidən hesabda önə keçə bilərdik. Epizodlarımız çox oldu. Lakin onlardan yararlana bilmədik.
- Cari mövsüm 4 oyunun heç birində “Araz-Naxçıvan”ı məğlub edə bilmədiniz. Naxçıvan klubu ilə bacarmamağınıza səbəb nədir?
- “Araz-Naxçıvan”la əvvəlki 3 görüşdə cəmi 1 xal qazanmışdıq. Ona görə də budəfəki matça xüsusi hazırlaşmışdıq. İstəyirdik ki, nəhayət dördüncü görüşdə onlara qalib gələk. Təəssüf ki, ikinci hissədə yaxaladığımız qol şanslarını qola çevirə bilmədik.
- Ola bilərmi ki, “Neftçi” çempionata tam köklənə bilmir, fikrinizin bir hissəsi kubokdadır?
- Təbii ki, kubok bizim üçün vacibdir. Lakin bu günə qədər ilk növbədə çempionat matçını düşünürdük. Yalnız bu gündən “Sabah”la matça köklənəcəyik və çox ciddi hazırlaşacağıq.
- Razısınız ki, mövsümün xilası üçün “Neftçi”nin minimum kubokda finalı çıxması mütləqdir?
- Çempionatın sonuna 8 tur qalıb. Riyazi baxımdan çempionatdan da avrokuboklara yollanmağımız mümkündür. Düzdür, çətindir, amma bu, baş verə bilər. Biz hər matça ciddi hazırlaşırıq. Təbii ki, indiki halda kubokdan Avropaya yollanmağımız daha real görünür. Görək mövsümün sonunda necə olur.
- Son oyunlarda “Neftçi”nin qollarına imza atan Bassala Sambu cəza səbəbindən kubokun yarımfinalında komandaya kömək edə bilməyəcək. Onun yoxluğu oyununuza nə dərəcədə təsir edəcək?
- Sambu həqiqətən də hazırda yaxşı formadadır. Son oyunlarda vacib qollar vurur, komandaya fayda verir. Belə halda onun yoxluğunun bizə ziyanı olacaq. Düşünürəm ki, Sambunun əvəzinə meydana çıxacaq hücumçular onu layiqincə əvəz edəcəklər.
İdman.biz