"Araz-Naxçıvan"ın kapitanı: "Bu vəziyyətdə heç vaxt milliyə getmək istəmərəm" - MÜSAHİBƏ

Xəbərlər
31 Mart 2025 00:28
45
"Araz-Naxçıvan"ın kapitanı: "Bu vəziyyətdə heç vaxt milliyə getmək istəmərəm" - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın kapitanı Vadim Abdullayev Sportal.az saytına müsahibə verib:

- "Neftçi" ilə son Premyer Liqa matçı haqqında düşüncələrin? Sonradan meydana daxil olsan da, matçda 1:1 hesabı dəyişmədi. Ümumiyyətlə, avrokuboklara vəsiqə qazanmaq şansınızı necə dəyərləndirirsən?

- Avroliqa şanslarımız var. Hamımız bunun üçün çalışırıq. Ağır səfər oyunu idi. Hamımız bunun fərqində idik. "Neftçi" son vaxtlar yaxşı formada idi. Bütün bu və ya digər amilləri nəzərə alaraq deyə bilərəm ki, 1 xal yaxşı nəticə idi.

- Zədədən qayıtdıqdan sonra, son 13 matçın yalnız 3-ündə start heyətində meydana daxil olmusan. Özünü oynamağa tam hazır hiss edirsən?

- Mənim üçün bu suala cavab vermək ağırdır. Təbii ki, belə olmağını istəməzdim. Daha çox oynamaq istərdim, amma bu həyatımızın bir parçasıdır. Qərar verən məşqçidi, mənim işim sadəcə çıxıb meydanda tapşırıqları yerinə yetirməkdir. Baş məşqçimizin qərarı belədirsə, artıq müzakirə mövzusu bağlanır.

- Millinin son oyunlarda uğursuzluğu məlumundur. Bu barədə düşüncən? Bir də özünü hazırki millinin heyətində görürsənmi? Yəni səncə çağırılmamağına səbəb təkcə mövsümün gedişatında zədələnməyindir?

- Təbii ki, millinin durumu hamımıza təsir edir. İnsanlar hərəsi bir şey danışır, sanki problem indiki futbolçulardadır. Onların yerinə kimsə gəlsə, düzələcək? Qətiyyən bu, belə deyil. Uşaq futbolu, akademiyalar və stadionlar olmadıqca indiki durum düzələn deyil. Akademiya böyük anlayışdır, o olsa sonra nəticədən və s. danışmaq olacaq. Mən demişdim ki, bu vəziyyətdə heç vaxt milliyə getmək istəmərəm. Mən belə bir insan deyiləm, layiq olmadığım şeyi heç vaxt özüm üçün istəmərəm. Əgər mütəmadi olaraq oynamıramsa, çağırılmaq düzgün olmaz. Təbii ki, zədəm məni çox geriyə atdı. Mənim əslində problemim biraz özümlə bağlıdır. Biraz emosional planda geriləmişəm. Onun altından çıxacağıma əminəm. Psixoloji sağlam Vadim olsa, tam səmimi deyirəm necə ki, əvvəldə vurğulamışam, heç kim məndən öz mövqeyimdə üstün ola bilməz.

- Müsahibələrivin birində bir müddət futboldan kənarlaşıb hətta ölkəni tərk etməyin barədə bildirmişdin. Amma, "Araz-Naxçıvan" rəhbərliyi səni burda görməyi çox istəyib və sən də geri dönmüşdün. Bu qərarı almağıva hazırda peşmansanmı?

- "Araz-Naxçıvan" mənim üçün elə bir yerdədir ki, onun haqqını vermək meydançada son anıma qədər borcumdur. Klubda heç kim yox idi, mən orada idim və uzun yol qət etdim. Milliyə dəvət aldım, klub o qədər şey verdi ki, mənə, mən yenidən öz işimi sevməyə başladım. Heç vaxt peşman olmaram, bu, heç müzakirə oluna bilməz. "Araz-Naxçıvan"ın yeri mənim həyatımda böyük önəm daşıyır. Bu gün mən nə qədər insanlara kim olduğumu yenidən göstərə bildim və bu komanda ilə Allah nəsib etsə, tarix yazıb komandanın kapitanı olaraq Avroliqaya çıxartmaq arzusundayam. Allah bu günləri mənə sırf mən Vadim Abdullayev olduğuma görə görməyi nəsib edib. Heç vaxt öz prinsiplərimnən, düşüncələrimdən dönməmişəm. Mənim karyeram heç vaxt istədiyim kimi olmayıb, amma Allah istədikdə, görürsüz nələr ola bilərmiş.

- Son olaraq aprelin 2-si kubokda "Qarabağ"la matç barədə, Bir də Premyer Liqanın növbəti turunda "Sumqayıt"la matç haqqında düşüncələrin? Kubokda da, iddialısınız?

- "Araz-Naxçıvan" olaraq hər zaman hər yerdə iddialı olacağıq.

İdman.biz