“Sabah” dünya liderləri sırasında - ARAŞDIRMA

Təhlil
31 Mart 2025 16:10
69
“Sabah” dünya liderləri sırasında - ARAŞDIRMA

“Sabah”ın Misli Premyer Liqasının cari mövsümdə 15-ci heç-heçəsi tək Azərbaycan futbolu üçün diqqətçəkən nəticə deyil. Dünya futbolunda milli çempionatların ən güclü liqalarında iştirak edən komandalar arasında Masazır təmsilçisi yalnız Albaniya klublarından geri qalır.

İdman.biz xəbər verir ki, Albaniya Superliqasında autsayderlər qrupunda olan “Tirana” 31 oyundan 17-sini, 5-ci pillədə olan “Elbasani” isə 16-sını bərabərliklə başa vurub.

Ölkələrinin səviyyəcə 2-ci liqalarına da nəzər salsaq, İtaliya B seriyasında “Bari”nin 30, “Katandzaro”nun isə 31 oyundan 16-sında “sülh” bağladığını görərik.

Heç-heçələrin oyunlara nisbətən faiz göstəricisi baxımından isə 28 oyunda 15 heç-heçə edən “Sabah” dünyanın bütün ölkələrinin bütün liqaları üzrə 53,6 faiz göstərici ilə yalnız 44-cü yerdədir. Bu statistikada yeni başlayan çempionatda ilk 1 və ya 2 oyununu sülhlə başa vuraraq 100 faizli göstəriciyə malik olan klublar nəzərə alınmayıb. Planetin “sülhsevərlər” siyahısına Uruqvay Primerasında ilk 8 oyunundan 7-sində xalları bölən “Danubio” 87,5 faiz göstərici ilə başçılıq edir. Argentinanın Primera B Nasional divizionunun 3 klubu – “Alvarado”, “Arsenal Sarandi” və “Defensores de Belqrano” 7 oyuna 5 heç-heçə edərək, 71,4 faiz göstərici ilə lideri izləyirlər.

28 oyun keçirmiş “Sabah” ən azı bu qədər matça çıxmış komandalar arasında 4-cü sıradadır. Ön sıralarda İspaniyanın Sequnda Federationunda 3-cü qrupda yer alan “Lyeda” (57,1 faiz – 28 oyuna 16 heç-heçə) İngiltərənin həvəskar Non-Liqası 1-ci Divizionunda çıxış edən “Ueyr” (55,6 faiz - 36 oyuna 20 heç-heçə) və Albaniya Superliqasından “Tirana”dır (54,8 faiz – 31 oyuna 17 heç-heçə). 20 bərabərliyi olan “Ueyr” cari mövsümdə heç-heçə sayında rekordçudur.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: