Misli Premyer Liqasının 28-ci turunda müxtəlif parametrlər üzrə həm müsbət, həm də mənfi cəhətdən fərqlənən komandalar oldu.
İdman.biz turun rekordçularını və antirekordçularını diqqətə çatdırır.
Turda ən çox qolu (4) “Qarabağ” “Turan Tovuz”un qapısından keçirdi. Yeganə qol vurmayan komanda isə “Zirə”nin qapısına yol tapa bilməyən “Şamaxı” oldu. Cari mövsümdə ikinci dəfə idi ki, turda yalnız bir komanda qapısını toxunulmaz saxlayırdı. İlk dəfə belə hal 8-ci turda yaşanıb. O zaman da “Zirə” elə indiki kimi 3:0-lıq qələbə qazanmışdı. Həmin turda qolsuz qalan yeganə komanda “Kəpəz” olmuşdu.
Ən çox zərbəni “Sabah” futbolçuları “Sumqayıt”ın qapısına endiriblər – 24 dəfə. Ən az vuran isə “Zirə”nin qapısına cəmi 6 zərbə endirən “Şamaxı” olub. Uzaq zərbələrə ən çox cəhd edən “Sabah” (11), cərimə meydançası xaricindən ən az zərbə vuran isə “Sumqayıt” (2) olub.
Topa sahibolmada ən böyük fərq “Turan Tovuz” – “Qarabağ” matçında qeydə alınıb. Ağdam klubu 66 faizin 34 faizə böyük üstünlüyə malik olub.
Ən çox ötürməni “Zirə” (557), ən azını isə “Turan Tovuz” (207) verib.
Ən kobud oynayan 16 dəfə fol edən “Sabah” olub. “Qarabağ” və “Şamaxı” isə ən az – 9 dəfə qayda pozublar.
Vüqar Məmmədov
İdman.biz