Ruslan Əmircanov: “Tez özünüzü “Semaşko”ya çatdırın, Kamranın vəziyyəti pisdir”

Xəbərlər
1 Aprel 2025 13:02
73
Ruslan Əmircanov: “Tez özünüzü “Semaşko”ya çatdırın, Kamranın vəziyyəti pisdir”

“Düzü, mən əvvəllər də 1 aprel günü ilə bağlı zarafat edən olmamışam”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov deyib.

O, 1 aprel - Ümumdünya Gülüş Günü ilə bağlı xatirələrini bölüşüb: “Bilmirəm, bəlkə də zamanla belə şeylərin marağı itir. Ya da biz bütün gün işdə-gücdə olduğumuz üçün başımız qarışıq olur, 1 aprel yadımıza da düşmür. Son illərdə isə bu günlə bağlı ən çox yadımda qalan Kamran Ağayevin zarafatı olub. Deməli, Kamran dost-tanışa zəng edib demişdi ki, bəs maşını vurmuşam. Hansı klinika olduğunu soruşanda da öskürüb “odboy” vermişdi. Təkrar yığanda da başqa bir oğlan götürüb dedi ki, bəs telefon məndədir, tez özünüzü “Semaşko”ya çatdırın, Kamranın vəziyyəti pisdir. Üstəlik, həmin vaxt Kamranın sürdüyü maşının “əncir vəziyyət”də şəklini atmışdı. Biz də qan-tər içində klinikanın qabağına tökülüşmüşük. Xəbər hardansa mətbuata da sızdı. Yazdılar ki, Kamran Ağayev qəza törədib. Aləm qarışdı bir-birinə. Sonra zəng edib deyir ki, bəs sizi bir az həyacanlandırmaq istədim, görüm məni çox istəyirsiniz, yoxsa yox? Sən demə, göndərdiyi başqa maşının şəkli imiş. Biz də başladıq söyməyə ki, belə zarafat olar? Əvvəlcə dilxor olsaq da, sonradan sevindik ki, nə yaxşı zarafat imiş. Kamran belə şeyləri yaxşı bacarır”.

Aytac Sahəd
İdman.biz