"Monteneqro bizə tanış rəqibdir. Onlarla səfərdə qarşılaşmışıq və hansı tərzdə oynadıqlarını bilirik".
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Xanım Əsədova UEFA Millətlər Liqasının C Divizionunun IV qrupunda Litva və Monteneqroya qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
O, Litva millisinin də çətin və ciddi komanda olduğunu bildirib: "Müəyyən analizlər aparacağıq. Heç bir rəqibi zəif hesab etmirik. Çətin olacaq, amma Azərbaycana xallarla qayıtmaq istəyirik. Yaxşı və təcrübəli oyunçularımız var. Onların bəziləri legioner həyatı yaşayırlar. Bu da yığma üçün müsbət məqamdır. Mən də gənc futbolçu olaraq meydanda onlardan nəsə öyrənməyə çalışıram".
Hazırda “Neftçi”də çıxış edən forvard yığmanı yenidən B Liqasına qaytarmaq istədiklərini söyləyib: "Hər şey öz əlimizdədir. İlk məqsəd hazırda olduğumuz qrupu yaxşı nəticə ilə tamamlamaqdır. İnanıram ki, yenidən B Liqasına yüksələcəyik. Bizim komandada bu potensial var".
Qeyd edək ki, aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da, Vilnüsdəki “Jalgiris” stadionunda Litva yığması ilə, aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.
İdman.biz