“Turan Tovuz” braziliyalı hücumçu ilə 2 illik müqavilə imzalayıb

Xəbərlər
4 Aprel 2025 15:32
71
“Turan Tovuz” braziliyalı hücumçu ilə 2 illik müqavilə imzalayıb

“Turan Tovuz” daha bir legionerlə yeni müqavilə imzalayıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanın digər təmsilçilərinin də transfer siyahısında yer alan Aleks Souza Tovuz klubunda qalıb.

“Turan Tovuz” kontrakt müddəti 2026-cı il iyunun 30-na qədər olan braziliyalı hücumçunun sözləşməsini 2 illik uzadıb. Başqa sözlə, ”sambaçı” 2028-ci ilin yayınadək burada forma geyinəcək.

Gözlənildiyi kimi, cənubi amerikalının müqaviləsinin maliyyə şərtləri də dəyişdirilib.

O, bu sezon 21 matçda 4 qol vurub, 3 asist edib. “Santos”un yetirməsi “Hegelmann”(Litva) və “Boluspor”da (Türkiyə) oynadıqdan sonra ötən ilin yanvar ayında “Turan Tovuz”la anlaşıb.

Tovuzlular daha öncə Aleks Serrano ilə yeni müqavilə imzalayıb.

İspaniyalı legionerlə kontraktı 2026-cı ilin yayınadək uzadılıb. Sövdələşməyə əsasən, onun məvacibi artırılıb.

Sözsüz, bu da təsadüfi deyil. "Neftçi"nin Serrano ilə maraqlanması "Turan Tovuz" rəhbərliyini hərəkətə gətirib və daha çox məbləğ ödəməyə məcbur edib.

30 yaşlı yarımmüdafiəçi 2023-cü il iyulun 24-də “Turan Tovuz”a keçib. O, bu sezon 28 matçda 4 qol vurub, 5 asist edib.

Serrano əvvəllər "Hebar", "Qurnik", "Talavera", "Salamanka", "Malyorka" və "Sportinq Xixon"da forma geyinib.

İdman.biz