AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Qurum “Səbail”in Süleyman Alluş barədə şikayətini təmin etməyib. Misli Premyer Liqasında XXVI tur çərçivəsində keçirilən “Zirə” – “Səbail” oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçunun 4 oyun cəzalanması və klubun isə 3000 manat məbləğində cərimə olunması qərarı qüvvədə saxlanılıb.
“Neftçi-2” komandasının futbolçusu Həbib İsmayılov barəsində verilən qərardan şikayət də təmin edilməyib. Əvəzedicilər Liqasında XXVI tur çərçivəsində keçirilən “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçunun 4 oyun cəzalanması və klubun isə 300 manat məbləğində cərimə olunması qərarı qüvvədə saxlanılıb.
Orxan Əliyevin barəsində verilən qərardan şikayəti qismən təmin olunub. 2024/2025-ci illər mövsümündə aşağı yaş qruplarının liqalarında çıxış edən “Olimpiya” (Ağcabədi) komandasının rəsmisi futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılmışdı. Bu qərar dəyişdirilib. Onun futbolla bağlı fəaliyyətdən kənarlaşdırılması cəzasının 6 ay müddəti şərti tətbiq edilib. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub. Bu dövrün başlanğıcı 22 mart 2025-ci il tarixdən hesablanacaq.
“Lion” Peşəkar Futbol Klubunun futbolçusu Seymur Şükürlü barəsində verilən qərardan şikayət də qismən təmin edilib. U-16 Liqasında keçirilən “Səbail” – “Lion” oyunu bitdikdən sonra rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə futbolçunun 3 oyun cəzalanması qərarı dəyişdirilərək 3 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunib və başlanğıcı 13 mart 2025-ci il tarixdən hesablanacaq.
I Liqada çıxış edən “Mingəçevir”m sabiq futbolçusu, 22.07.2002-ci il təvəllüdlü Muxtar Nəzərli barəsində verilən qərardan şikayətə də baxılması təxirə salınıb. Danışılmış oyunlarda iştiraka görə futbolçunun ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə qərardan şikayətə baxılmasının təxirə salınması Azərbaycan Baş Prokurorluğuna sorğu göndərilməsi ilə əlaqədardır.
İdman.biz