Elvin Yunuszadə: “Qəbələ” layiq olduğu yerə qayıdır”

Xəbərlər
6 Aprel 2025 12:53
41
Elvin Yunuszadə: “Qəbələ” layiq olduğu yerə qayıdır”

“Qəbələ” layiq olduğu yerə qayıdır. Bu günün özündə belə Premyer Liqada çıxış etməyə layiqdir. Komanda üçün əziyyət çəkib, tər tökən hər kəs üçün yenidən elitaya qayıtmaq çox xoş oldu. Klubun adını, tarixini və infrastrukturunu nəzərə alsaq, belə bir kollektivin aşağı liqada olması qeyri-adi görünürdü. Bu səbəbdən də hər bir futbolçunun əsas motivasiyası komandanı öz yerinə – Premyer Liqaya qaytarmaq idi”.

İdman.biz xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Elvin Yunuszadə deyib.

Təcrübəli müdafiəçi komandanın baş məşqçisi Kaxaber Sxadadze ilə işləməkdən məmnun olduğunu və onunla hər gün yeni biliklər qazandıqlarını deyib: “Sxadadze karyeram ərzində gördüyüm ən yaxşı məşqçilərdən biridir. Sanki bir məktəbdir və biz ondan çox şey öyrənirik. Hər bir xırda nüansa qədər bizə izah edir. Təlim-məşq prosesində sadəcə fiziki hazırlıq deyil, taktiki düşüncə, oyun oxuma qabiliyyəti də formalaşır. Ona görə ondan götürdüklərimiz gələcək karyeramız üçün böyük qazancdır”.

Yunuszadə fərqli liqalarda çıxış etməyin çətinliklərindən də danışıb: “Avrokuboklar vaxtı deyirdim ki, daha fərqli, ağıllı futbol gedir. Elita ilə tamamilə fərqlənir. Amma eynilə I Liqa da fərqlidir. Bura da özünəməxsus mübarizə və streslərlə doludur. Hərəsinin öz çətinliyi var və bunlara uyğunlaşmaq üçün təcrübə və kollektiv güc lazımdır”.

Sonda futbolçu “Qəbələ”nin ölkə futbolundakı yerini və mövsüm sonuna olan əsas hədəfi diqqətə çatdırıb: “Qəbələ” köklü klubdur. Böyük strukturu, nailiyyətləri var. Bu komanda illərlə Avroliqada çıxış edib və daim yüksək yerlər üçün mübarizə aparıb. Hər mövsüm ambisiyalı məqsədlərlə yola çıxır. Bu mövsüm də istisna deyil. İlk olaraq I Liqanı çempion kimi başa vurmaq istəyirik. Sonra isə məqsədimiz Premyer Liqada layiq olduğumuz yerdə olmaqdır”.

İdman.biz