"Futbolçularım ilk saniyədən sona qədər qorxmadılar, yaxşı mübarizə apardılar".
İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Qarabağ"la (0:1) keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Əks hüumlara bel bağladıqlarını bildirən mütəxəssis əlavə edib ki, ümumiyyətlə ağır oyun keçib: “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Ağır oyun oldu. “Qarabağ” səfəri heç vaxt asan keçmir. Həmçinin rəqib ən optimal heyətlə oynadığından işlərimiz daha da çətinləşmişdi. Futbolçularım ilk saniyədən sona qədər qorxmadılar, yaxşı mübarizə apardılar. Matçdan əvvəl də bəlli idi ki, üstün tərəf “Qarabağ” olacaq. Çalışırdıq müdafiə olunaq, əks hücumlara bel bağlayırdıq".
"Zirə"nin baş məşqçisi vurğulayıb ki, 5-ci oyundur ki, Ağdam təmsilçisi onlara standart vəziyyətdən qol vurur. Rəşad Sadıqov oyundan əvvəl də bu haqda futbolçularla danışdığını diqqətə çatdırıb.
O, oyunun sonunda təyin edilmiş penalti zərbəsinin qol olmamasına da münasibət bildirib: "Qismət çox kritik anlarda penaltini dəqiq yerinə yetirib. Penaltinin məşqi olmur. Ümumiyyətlə, bu məsələnin üzərində çox dayanmaq istəmirəm".
İdman.biz