AFFA üç klubu cərimələyib

Xəbərlər
8 Aprel 2025 12:19
75
AFFA üç klubu cərimələyib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXIX turunda baş verənlər müzakirə olunub.

“Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra qonaqların futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd edib. O, buna görə 1-i şərti olmaqla 2 oyun cəzalandırılıb. “Turan Tovuz” klubu 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah” – “Kəpəz” matçı bitdikdən sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Gəncə klubu 1500 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Sumqayıt” görüşündə qonaqların azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub 1000 manat cərimə ödəyəcək.

İdman.biz