“Qarabağ” bu mövsüm başa çatdıqdan sonra heyətində köklü yenilik edəcək.
İdman.biz xəbər verir ki, bu iddia ilə Qol.az saytı çıxış edib.
Bildirilir ki, "Qarabağ" bəzi futbolçularla yollarını ayırmaq niyyətindədir. Onların arasında həm yerlilər, həm də legionerlər var.
Əvəzində komandaya bir neçə oyunçunun cəlb edilməsi gözlənilir. Onlar, əsasən, əcnəbi futbolçular olacaq.
“Qarabağ” müdafiənin mərkəzi, yarımüdafiənin sol və sağ cinahı, orta xətt və hücum xətti üçün oyunçu almağı hədəfləyib. Baş məşqçi Qurban Qurbanovun planında yeni mövsüm üçün əsas heyət üzvü olacaq ən azı 5 futbolçunun alınması var.
Bizə çatan xəbərə görə, xüsusən yeni transferlər Emmanuel Addai, Aleksey Kaşuk, köhnə futbolçulardan Bəhlul Mustafazadə, Bədavi Hüseynovun bu mövsüm uğursuz oyunu, Juninyonun gedişindən sonra hücumun mərkəzində yaranan ciddi boşluq baş məşqçi Qurban Qurbanovu çox məyus edib. Dayaq yarımmüdafiəçilərindən Patrik Andrade də əvvəlki formasından uzaq düşüb. Onlara əvəzləyici lazım olduğunu məşqçi heyəti qəbul edir.
Amma o, Kadinin isə bu qış “Qarabağ”a transferini uğurlu sayır. Yenidən Ağdam klubuna qayıdan braziliyalı Premyer Liqada meydana çıxdığı 8 matçda 5 qol vurub və 2 qolun ötürməsini verib. Onun günbəgün əvvəlki formasına qayıtması məşqçi heyətini sevindirməklə yanaşı klubu əlavə pleymeyker almaq yükündən azad edir.
Qurban Qurbanovun heyətə əl gəzdirmək niyyəti isə komandanın bu mövsüm Avroliqada uğursuz çıxışı ilə bağlıdır. Komanda liqa mərhələsində 36 komanda arasında sonuncu yeri tutub. Bir çox oyunçu fiziki və psixoloji baxımdan yorulub ki, bunu Qurbanov ad çəkmədən özü də mətbuat konfranslarında etiraf edib.
Qeyd edək ki, bir müddətdir “Qarabağ” rəsmi və qeyri-rəsmi səviyyədə legioner futbolçular və onların klubları ilə danışıqlara başlayıb. İlkin razılığı alınan var. Lakin klubu tərəfindən yüksək təzminat tələb edənlər də var ki, onların şərti “Qarabağ”ı razı salmır.
İdman.biz