Yaşar Vahabzadə: "Futbolçu kimi aqressiv olmuşam"

Xəbərlər
8 Aprel 2025 16:16
85
Yaşar Vahabzadə: "Futbolçu kimi aqressiv olmuşam"

“Bu gün mənim üçün adi bir gündür”.

Bunu İdman.biz-ə açıqlamasında bu gün 65 yaşını qeyd edən veteran futbolçu və məşqçi Yaşar Vahabzadə deyib.

Yubilyar dünəndən bəri təbrik mesajları aldığını bildirib: "Doğum günümü axşam ailəmlə birgə qeyd edəcəyəm. Dünəndən bəri məşqçi həmkarlarım, dostlar, yoldaşlar təbrik edirlər. Hələ ki, mesajları oxumaqla məşğulam. Axşam onların hamısına cavab verəcəyəm. Hər il bu gün gələndə qocalığa doğru gedirik. Hər il həyatdan, ömürdən gedir".

Yaşar müəllim keçdiyi həyat yolundan razı olduğunu vurğulayıb: "Dünyaya ikinci dəfə gəlsəydim, yenə futbolçu olardım. Təbii ki, insan yaşlandıqca müdrikləşir, keçmişdə baş verən hadisələrə başqa gözlə baxır. Məsələn, cavan vaxtlarımızda bəzən böyüklərimiz, məşqçilərimiz nəsə deyəndə biz, bəlkə də, nəyəsə qulaq asmamışıq, ancaq sonradan görmüşük ki, səhv etmişik. Əslində, həmişə məsləhətlərinə qulaq asırdıq, sadəcə bəzən olurdu ki, müəyyən boşluqlar yaranırdı. Mən cavanlıqda emosional, futbolçu kimi aqressiv olmuşam. Bu gün də məndə müəyyən qədər emosionallıq var. Məsələn, hansısa məşqdə məşqçinin məsləhətini dinləmirsən, daha sonra oyunda həmin məqamlarda boşluğa yol verdiyin üçün ehtiyat skamyasında oturursan. Əsasən, bunları nəzərdə tuturam. Ancaq ümumilikdə keçdiyim ömür yolundan razıyam. Bu günümüzə şükür”.

Qeyd edək ki, Yaşar Vahabzadə 1960-cı il aprelin 8-də Bakıda anadan olub. Futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib (1983-1989, 1994-1997). Həmçinin Bakı və Mingəçevirin "Avtomobilçi", Sumqayıtın "Xəzər" və "Kimyaçı", Maştağanın "Nicat" və Bakının "Dinamo" komandalarının formasını geyinib. 7 oyunda Azərbaycan millisinin şərəfini qoruyub. Sonra məşqçi kimi fəaliyyət göstərib, Azərbaycanın yeniyetmələr və gənclər yığmalarını və "Kəpəz"i çalışdırıb.

Aytac Sahəd
İdman.biz