Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hesabat Konfransı keçirilib.
İdman.biz xəbər verir ki, “Baku Marriott Hotel Boulveard”da təşkil edilən tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin və hesabat dövründə dünyasını dəyişən idman adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qısa videoçarx təqdim olunduqdan sonra AFFA-nın prezidenti Rövşən Nəcəf qonaqları, konfrans iştirakçılarını və mətbuat nümayəndələrini salamlayıb. AFFA prezidenti ölkə başçısı İlham Əliyevin idmana, o cümlədən futbola böyük dəstək nümayiş etdirdiyini bildirib: “Cənab Prezident 2024-cü il aprelin 9-da Gəncə şəhər stadionunun, sentyabrın 19-da isə Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub”.
Rövşən Nəcəf həmçinin 1 illik fəaliyyət dövründə həyata keçirilən işlərdən danışıb. O, milli komandanın çıxışından söz açıb, növbəti nəticələrdən asılı olaraq, AFFA-nın qətiyyətli qərarlar qəbul edəcəyini vurğulayıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın komanda idman növlərində də uğurlar qazanacağına şübhə etmədiyini bildirib. O, yeni AFFA rəhbərliyinin qarşıya qoyulan məqsədlərin öhdəsindən gələcəyinə inandığını vurğulayıb.
AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev son dövrlərdə Azərbaycan futbolunda baş verən əlamətdar hadisələrdən bəhs edib. O, danışılmış oyunlarla bağlı problemlərə xüsusi diqqət çəkib.
Daha sonra AFFA-nın maliyyə departamenti hesabatla çıxış edib.
Yeni mövsümdə də Premyer Liqa klubları üçün 30 milyon manat ayrılacağı və bu məbləğin 12 komanda arasında bölüşdürüləcəyi məlum olub.
AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekerin də hesabatı dinlənilib. O, hakimliklə bağlı müəyyən çatışmazlıqların olduğunu bildirib və bu istiqamətdə görülən işlərdən danışıb.
Sonda FIFA nümayəndəsi Marion Qava ilə UEFA nümayəndəsi Valentina Merkolli çıxış edərək AFFA ilə birgə görülən işlərdən söz açıblar.
Bununla da Hesabat Konfransı öz işini başa vurub.
Aytac Sahəd
İdman.biz