Milan prokurorluğu Nikolo Facioli və Sandro Tonalini qanunsuz mərc saytını təbliğ etməkdə ittiham edir.
İdman.biz xəbər verir ki, "Calcio Finanza" istintaq materiallarına istinadən "Fiorentina" və "Nyukasl"ın adıçəkilən futbolçularının idmançılar arasında qeyri-qanuni mərc platformasını reklam etdiklərini açıqlayıb.
Dəvət olunan hər bir oyunçuya görə onlar oyun hesablarına bonuslar və mərclər üzündən yığılan borcların azalması şəklində mükafatlar alıblar.
Bildirilir ki, Tonali və Faciolinin mərclərlə bağlı işinin istintaqı zamanı daha 12 futbolçunun qeyri-qanuni saytlarda oynadıqları aşkarlanıb. Onların arasında Alessandro Florenzi, Nikolo Zaniolo, Mattia Perin, Ueston Makkenni, Leandro Paredes və Anxel Di Mariya da var.
Ümumiyyətlə, onlar qanunsuz sayta təkcə futbolçular deyil, digər idmançılar da daxil olmaqla ümumilikdə 20 oyunçunu dəvət ediblər.
Facioli və Tonali 2023-cü ilin sonunda futbol matçlarına pul qoyduqları üçün, müvafiq olaraq, 7 və 10 ay müddətinə futboldan uzaqlaşdırılmışdılar.
İdman.biz