"Üzücüdür, məğlub olduq. Hər iki hissədə yaxşı oyun nümayiş etdirdik. Komanda qalib gəlməyi çox istəyirdi, alınmadı. Rəqib komandanı təbrik edirəm. Bu il Sumqayıtdan 3 xal apara bildilər".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Şamaxı" ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda qeydə alınan 1:2 hesablı məğlubiyyəti şərh edib: "Biz də çalışırıq, futbolçular da dərk etməlidir ki, mövsüm hələ bitməyib. Nə qədər üst pillələrdə qərarlaşsaq, onların yeni müqavilələrinə də yaxşıdır. Biz özümüz də futbolçu olmuşuq. Bir var 9-cu yerdən, bir var 5-ci yerdən futbolçu cəlb edirsən. Hər pillənin öz qiyməti var. Yenə də futbolçularıma təşəkkür edirəm. Ardıcıl qollar gözlənilməz oldu. Bu gün hər iki hissəni çox yaxşı oynadıq. 90 dəqiqə ərzində mübarizə apardıq".
Qeyd edək ki, "Sumqayıt" öz meydanında hesabı açsa da, fasilədən sonra məğlubiyyətlə barışmalı olub.
İdman.biz