“Rəqib yaratdığı ilk iki epizoddan yararlandı. Futbolçular özlərində güc tapdılar, təslim olmadılar. Sona qədər mübarizə apardılar və 4 qol vurduq. Məğlub da ola bilərdik".
İdman.biz xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasında XXX turu çərçivəsində "Neftçi"yə 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransıda deyib.
O, oyunu belə şərh edib: "33 illik futbol təcrübəm var, bu tip oyunlar bizim liqada, digər liqalarda çox olub. “Qarabağ”la görüşdə də 0:2 hesabı ilə uduzurduq, sonda qalib gəldik. Əsas səbəbi nədə görürəm? Rəqibin pressinqinə hazırlaşmışdıq. 0:2-dən sonra da yaxşı oynamırdıq. Rəqabətli oyun idi. Hissənin sonlarında pressinq edib topu ələ keçirib, penalti qazandıq. Hücum potensialını artırmağa başladıq. Rəqib 3:0 hesabı ilə qalib gələ də bilərdi. Bu, futbolun bir hissəsidir. Əsas üstünlüyümüz nə idi? “Neftçi”nin çoxsaylı itkiləri var idi. İkinci hissədə ehtiyat qüvvəmiz rəqibdən daha geniş idi".
Sadıqov ondan və komandasından gözləntilərin çox olduğunu deyib: "Ola bilər, məndən və komandadan gözləntilər çoxdur. Bunu anlayışla qarşılayıram. Üçüncü yerlə 6 xallıq fərq var. Amma qətiyyən düşünmürəm ki, nəsə üstünlüyümüz var, nəyisə həll etmişik. Altı kritik oyunumuz var. Bilmirəm Konfrans Liqasının oyunu nə vaxtdır. Ora vəsiqə qazanmayana qədər baxmayacağam. İndi məni düşündürən “Sumqayıt”la növbəti görüşdür".
İdman.biz