Ceyhun Nuriyev: “Kubokda “Qarabağ”a azarkeşlik edəcəyik”

Müsahibə
14 Aprel 2025 12:37
44
Ceyhun Nuriyev: “Kubokda “Qarabağ”a azarkeşlik edəcəyik”

“Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyev Misli Premyer Liqasının 30-cu turunda “Neftçi”ni 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz QOL.az-a istinadən xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

- Oyuna pis başladıq. “Neftçi” daha aktiv idi, biz isə çoxlu səhvə yol verdik, xeyli top itkimiz oldu. Rəqib də bundan faydalanıb, ardıcıl iki qol vurdu. Yalnız hesabda 2 top fərqi ilə geri düşdükdən sonra özümüzə gəlməyə başladıq. İkinci hissədə oyuna nəzarəti tam ələ aldıq və layiqli qələbə qazandıq.

- Siz ikinci hissənin əvvəlində, “Zirə” hesabda geri olarkən meydana daxil oldunuz. Rəşad Sadıqov sizə konkret hansı tapşırıqları vermişdi?

- Mənə verilən tapşırıq mərkəzdə dinamikliyi artırmaq, ikinci topları götürmək idi, eləcə də hücumlarda aktiv iştirak etməli idim. Düşünürəm ki, ümumi olaraq alındı.

- Dördüncü qolu məhz siz vurdunuz. Fərqləndikdən sonra düşündünüz ki, bu, artıq qələbədir?

- Düzdür, bu qol bizi çox rahatlaşdırdı. Çünki hesab arasındakı fərq artıq iki topa çatdı. Bununla belə, matçın taleyinin həll olunduğunu düşünmədim. Buna görə də oyundan qopmadıq, sona qədər konsentrasiyamızı qoruduq. Belə olmasaydı, bəlkə də qələbəni əldən verərdik.

- Üçüncü pillədə qərarlaşan “Araz-Naxçıvan” sizdən öncə meydana çıxmışdı və səfərdə “Kəpəz”lə oyunda xal itirmişdi. Bu məqam motivasiyanızı daha da artırmışdı?

- Bəli, oyundan öncə “Araz-Naxçıvan”ın xal itirdiyini bilirdik və bu, bizə bir qədər də motivasiya verdi. Hətta deyərdim ki, ikiqat motivasiya oldu. Bilirdik ki, qələbə qazansaq, üçüncü pillə ilə aramızdakı xal fərqi altıya çatacaq.

- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Çox çətin perioda giririk. Sona 6 tur qalıb. Xal itirmək olmaz. Hər xal itkisi bizə baha başa gələ bilər. Həmin matça da çox ciddi yanaşacağıq.

- Sona 6 tur qalıb və qeyd etdiyiniz kimi, üçüncü pillədən altı xal öndəsiniz. Demək olar ki, “Zirə” yenidən gümüşü medalı qazanmağa doğru gedir?

- Ötənilki nəticəmizi təkrarlamağa yaxınıq. Lakin indidən əminliklə nəsə demək olmaz. Çünki sona hələ 6 tur var, bu isə 18 xal deməkdir. Üstəlik, sonda “Araz-Naxçıvan”la da oyunumuz var. Onlarla şəxsi oyunlarda üstünlüyümüz də yoxdur ki, arxayınlaşaq.

- Düşünmək olar ki, Avroliqaya yollanmaq baxımından kubokda “Qarabağ”a azarkeşlik edəcəksiniz?

- Bəli, düzünü demək lazımdır, kubokda “Qarabağ”a azarkeşlik edəcəyik. Çünki bizim Avroliqaya yolumuz Ağdam klubunun kuboku qazanmasından keçir.

- “Sabah”da ehtiyatda qalırdınız, “Zirə”yə keçməklə oyun baxımından daha da artırdınız. Demək olar ki, bu dəyişiklik karyeranızla bağlı doğru addım idi?

- Bəli, razıyam bu fikirlə. Daha çox oynamağa başladım, baş məşqçi mənə daha çox güvənməyə başladı. “Zirə”də oynayandan sonra milli komandaya daim dəvət almağa başladım. Ona görə də “Sabah”dan “Zirə”yə keçidi karyeramda irəli addım saymaq olar.

İdman.biz