“Qarabağ” nədə autsayderdir? - STATİSTİKA

Xəbərlər
15 Aprel 2025 10:51
69
“Qarabağ” nədə autsayderdir? - STATİSTİKA

Misli Premyer Liqasında 30 tur geridə qalıb. Komandaların mövsümdə necə çıxış etdiklərini turnir cədvəlindəki xallarına baxmaqla müəyyən qədər görmək olar. Ancaq tam təsəvvür üçün müxtəlif oyun göstəricilərini nəzərdən keçirməyin də əhəmiyyəti var.

İdman.biz komandaların ötən 30 turdakı statistik göstəricilərini nəzərdən keçirərək, onların hansının üstün olduğunu, hansının isə geri qaldığını müəyyən edib.

Ən çox qolu çempionatın lideri “Qarabağ” vurub (74). Ən az fərqlənən isə autsayder “Səbail”dir (23). Ən az top buraxan “Qarabağ” olduğu halda (17), ən çox top buraxan 9-cu pillədə olan “Kəpəz”dir (53).

“Quru” oyunların lider (“Qarabağ”) və autsayderi (“Sabah”) arasında 3-qat fərq var – 18-in 6-ya.

Topa sahibolmanın şəksiz lideri “Qarabağ”dır (66,4 faiz). “Şamaxı” isə digər klublardan çox geri qalır (38,3 faiz).

“Qarabağ” dəqiq ötürmələrdə də rəqiblərindən çox irəlidədir (hər oyuna orta - 493,0). “Şamaxı”da bu göstərici cəmisi 199,2-dir.

Uzun ötürmələrin lideri isə “Sumqayıt”dır (26,9). Ən az belə ötürmə “Neftçi”dədir (21,2).

Cərimə meydançasına edilən kroslarda “Sabah” (6,0) “Qarabağ”ı (5,9) çox cüzi qabaqlayır. “Səbail”in krossları cəmi 2,2-dir.

“Qarabağ” futbolçuları hər oyuna orta 20,7 uğurlu driblinq ediblər. “Kəpəz”in belə uğurları hər oyuna 11-dir.

Aut atışları ən çox “Qarabağ”da (15,7), ən az “Kəpəz”dədir (8,6).

Topalmada “Sumqayıt” (38,8) daha çox fərqlənib. “Qarabağ”ın yeganə autsayderliyi bu sahədədir (30,2).

Künc bayrağına ağdamlılar (6,5) daha çox, gəncəlilər isə (3,5) daha az yaxınlaşıblar.

Qaydanı ən çox pozan “Sabah” (15,9), ən az pozan isə “Turan-Tovuz”dur (12,3).

Vüqar Məmmədov
İdman.biz