"Dünya çempionatına təyinat almaq qürurverici hissdir".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatına təyinat alan azərbaycanlı hakim Rza Məmmədov deyib.
Referi yarışın ölkəmizdə keçirilməsinin sevindirici hal olduğunu bildirib: "Üç ildir ki, minifutbol üzrə Azərbaycan çempionatının oyunlarına təyinat alıram. Bu il final matçını da idarə etmişəm. Dünya çempionatına təyinat almaq qürurverici hissdir. Turnirdə Azərbaycanı təmsil edəcəyim üçün fəxr edirəm. Dünya çempionatından əvvəl, aprelin 28-dən mayın 2-dək Slovakiyada baş tutacaq beynəlxalq turnirdə də iştirak edəcəyəm. Bu yarış mundiala hazırlıq məqsədi daşıyır".
Qeyd edək ki, 32 komandanın iştirak edəcəyi dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.
İdman.biz